ÇıxışYolu.Com – Əfsanəvi döyüşçü Bakıda akademiya aça bilər

Baxış sayı: 2. 442 dəfə baxılıb.

ÇıxışYolu.Com - Əfsanəvi döyüşçü Bakıda akademiya aça bilər

“Ultimate Fighting Championship”in (UFC) canlı əfsanəsi, məşhur braziliyalı döyüşçü, adı turnirin fəxri zalına həkk olunmuş Roysi Qreysi Bakıya gəlib.

ÇıxışYolu.Com xəbər verir ki, onun iştirakı ilə dünən mətbuat konfransı keçirilib.

Jurnalistlərlə görüşən braziliyalı idmançı ölkəmiz haqqında geniş məlumata malik olmadığını bildirib. Azərbaycanda idmana dövlət səviyyəsində diqqətin olmasından xəbərdar olduğunu deyən braziliyalı idmançı gələcəkdə Bakıda öz akademiyasının nümayəndəliyini açmaq barədə düşündüyünü deyib.

51 yaşlı əfsanə indiki UFC döyüşləri ilə özünün yarışdığı 90-cı illərdəki UFC yarışlarını müqayisə edib:

“Bizim vaxtımızda döyüşlərdə, demək olar ki, qaydalar mövcud deyildi. Bu baxımdan, döyüşdə özümüzü daha sərbəst hiss edirdik. İndi isə UFC döyüşlərinə müəyyən qaydalar salınıb”.

Onu buraya dəvət edən promoşn qrupunun rəhbəri Emil Əmiraslanov Qreysinin səfəri ilə bağlı danışıqların iki ay davam etdiyini vurğulayıb: 

“Onun Braziliya ciu-citsu üzrə akademiyası fəaliyyət göstərir. Biz hazırda Bakıda həmin akademiyanın filialını açmaq barədə müzakirələr aparırıq. Üstəlik, Roysun dəstəyilə “Bellator MMA” yarışını ölkəmizə gətirmək istəyirik. Nüfuzlu yarışın bir mərhələsinin Bakıda keçilmə ehtimalı var”.

Bundan sonra Roysi Qreysi Fəxri Xiyabanda mərhum prezidentimiz Heydər Əliyevin qəbrini ziyarət edib. Qreysi həmçinin “ABU Arena”da avtoqraf paylayıb, pərəstişkarları ilə fotolar çəkdirib.

Qeyd edək ki, danışıqlar müsbət yekunlaşacağı halda peşəkar boksun WBF, WBC və IBF versiyaları üzrə çempion olmuş Mayk Taysonun da iki günlük səfərlə Azərbaycana gələcəyi gözlənilir.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com