ÇıxışYolu.Com – Əli İsmayılov: İndi də mənə küçədə “bürünc Əli” deyirlər

Baxış sayı: 2. 675 dəfə baxılıb.

Həvəskar boks üzrə dünya və Avropa çempionatlarının mükafatçısı, peşəkar boks üzrə Azərbaycanın ən tanınmış idmançısı olmuş Əli İsmayılov uzun müddətdir ki, diqqətdən kənarda qalıb.

İki ildir, gənclər millimizin məşqçisi işləyən Əli İsmayılovu həm indiki durumu, həm də keçmişini vərəqləmək üçün aradıq. Məlum oldu ki, Əli İsmayılov bu ay Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatına hazırlıq məqsədilə milli ilə Sumqayıtda təlim-məşq toplanışındadır.

Beləcə, ÇıxışYolu.Com əməkdaşları Sumqayıt Olimpiya İdman Kompleksində sabiq boksçudan müsahibə götürüb.

– Uzun müddətdir ki, görünmürsünüz. Mətbuatda müsahibələrinizə az rast gəlinir. Bunu nə ilə əlaqələndirmək olar?

– Az görünməyimə səbəb idmançı kimi karyerama son qoyub, məşqçiliyə başlamağımdır. Sözsüz ki, idmançı olanda televiziyada, mətbuatda çox görünürsən. Əsas işi görən məşqçilər isə həmişə kölgədə qalır.

Bu da bizim peşənin bir xüsusiyyətidir. Qorxulu heç nə yoxdur. Sevinirəm ki, idmanda qalmışam. Sevdiyim idman növü ilə artıq idmançı kimi yox, məşqçi kimi məşğul oluram.

– Ukraynanın Donetsk şəhərində doğulmusunuz. Bir qədər keçmişə boylansaq, Azərbaycana gəlişinizi bizə xatırladardınızmı?

– Atam Şamil İsmayılov vaxtilə boksla, anam Lyudmila İsmayılova isə basketbolla peşəkar şəkildə məşğul olub. Anam ukraynalıdır. 1974-cü ildə dünyaya gəlmişəm. Üç il sonra Bakıya köçdük. Burada da SSRİ idman ustası, Azərbaycanın əməkdar məşqçisi, boks millimizin sabiq baş məşqçisi Rauf Cabbarovun məşqçiliyi altında boksla məşğul olmuşam.

Mərhum Rauf müəllim atamın dostu idi. Onun rəhbərliyi altında dörd dəfə dünya və Avropa çempionatlarında, iki dəfə isə Olimpiadada uğurla çıxış etmişik.

ÇıxışYolu.Com - Əli İsmayılov: İndi də mənə küçədə “bürünc Əli” deyirlər

– Üç qardaşsınız. Digər qardaşları atanız boksa yönəldə bilməyib?

– Evin böyüyü mən idim. Digər iki qardaşım da boksla məşğul olublar. Ancaq peşəkar şəkildə davam etdirməyiblər.

– Həvəskar boksla məşğul olarkən dünya və Avropa çempionatlarında qızıl medal qazana bilmədiniz. İki dəfə bürünc medal əldə etdiniz və ləqəbiniz “bürünc Əli” olaraq qaldı. Bu ləqəbi sizə kim qoşdu?

– Mətbuat. Bundan başqa, dünya və Avropa kubokunun bürünc medallarını qazandım. Ondan sonra mətbuatda “bizim bürünc Əlimiz” deyə yazmağa başladılar. Uzun müddət bu ləqəb mənə yapışdırıldı (gülür). Peşəkar boksa keçdikdən sonra isə qızıl kəmər qazanmağa çalışdım ki, bəlkə, bu ləqəb məndən yığışdırıla…

ÇıxışYolu.Com - Əli İsmayılov: İndi də mənə küçədə “bürünc Əli” deyirlər

– Amma deyəsən, yenə də yığışdırılmayıb…

– Elədir. Azarkeşlər indi də küçədə görəndə yaxınlaşıb mənə “bürünc Əli” deyirlər.

– Bu ləqəb gələcək yarışlarda sizə psixoloji baxımdan pis təsir etmirdi və ya əksinə, digər yarışlara yaxşı hazırlaşmaq üçün motivasiya, stimul formalaşdırmırdı?

– Pis təsir etmirdi. Amma motivasiya verirdi. İstəyirdim ki, yarımfinal mərhələsində uduzmayıb azı gümüş medala yiyələnim. Bu da qismətdir. Yarımfinallarda həmişə uduzdum. Amma buna görə heç vaxt təəssüflənmirəm.

– Son anda finala çıxa bilməməyinizi nə ilə əlaqələndirirsiniz?

– Yarımfinala çıxan dörd boksçu yarışan 35-40 idmançıdan ən güclüləri sayılır. Yarımfinala çıxıbsa, deməli, rəqibin güclüdür və sənə layiqdir. Hər dəfə yarımfinalda 1-2 xalla uduzmuşam. Özüm də görürdüm ki, çatışmayan cəhətlərim var.

Mən yarışdığım 81 kq yarımağır çəki sayılır. Burada Rusiya, ABŞ, Qazaxıstan, Özbəkistandan güclü idmançılar olub. Həmin çəkidə Sergey Kovalyov mənimlə eyni vaxtda çıxış edib. Hazırda peşəkar boksla məşğuldur…

Peşəkar boksda olanda çəkimi 91 kq-a qaldırdım. Çünki çəki nə qədər yüksək olarsa, qonorar sayı da çox olur. Dünyada daha çox ağırçəkililərin boks döyüşü maraqla izlənilir. Bu da “super ağır çəki” adlandırılır.

ÇıxışYolu.Com - Əli İsmayılov: İndi də mənə küçədə “bürünc Əli” deyirlər

– Həvəskar boksda əldə edə bilmədiyiniz uğurlara peşəkar boks vasitəsilə nail oldunuz. Heç daha erkən peşəkar boksla başlamadığınıza görə peşman olmusunuzmu?

– Bəli. Çox təəssüfləndim. Karyeramda üç Olimpiada olub. Gərək mən 2000-ci ildəki Sidney Olimpiadasından sonra həvəskar boksla vidalaşıb, peşəkara keçəydim. Həvəskar boksda çox vaxt itirdim. Çünki peşəkar boksda “Top-20”-liyə düşəndə yaşım artıq 38 idi.

Artıq karyeramı bitirməli idim. Ən çox buna görə təəssüflənirəm. Düzdür, səkkiz il peşəkar boksda oldum. 2004-cü il Afina Olimpiadasından sonra peşəkar boksa keçəndə artıq otuz yaşım vardı. Yaşıma baxmayaraq, uşaqlıq arzumu yerinə yetirmək üçün peşəkar boksa keçdim.

Şəxsi məşqçim Rauf Cabbarov həmişə mənə deyirdi ki, sənin yerin peşəkar boksdadır. Həqiqətən də, ilk beş ilimdə gördüm ki, çox asanlıqla rəqiblərimi məğlub edirdim. Çünki məndə həvəskar boksla məşğul olduğum vaxt peşəkar boksun bünövrəsi qurulmuşdu.

– Heydər Əliyev İdman Kompleksində peşəkar boksda döyüşü keçirilən yeganə idmançımızsınız…

– Bəli. Peşəkar boksda da debütüm 2004-cü ildə Bakıda – İdman Oyunları Sarayında olub. Onda Vladimir Rumyantsevi məğlub etmişəm. 2007-ci ildə isə Bakıda argentinalı Alexandro Aqustin Alvareslə kəmərimi müdafiə etmək üçün döyüşmüşəm.

Doqquzuncu raundda onu nokauta salaraq kəmərimi müdafiə etdim. Lakin 2009-cu ildə Denis Lebedevə Sankt-Peterbuqda uduzdum deyə, kəməri təhvil verməli oldum. Qaydalara əsasən, qızıl kəmərin səndə daimi qalması üçün üç dəfə onu müdafiə edə bilməlisən. Hətta karyeranı bitirirsənsə və əgər onu müdafiə etməmisənsə, kəməri qaytarmalısan…

Lebedevə uduzduqdan sonra da dayanmadım. Daha bir kəmər qazandım. Ümumiyyətlə, peşəkar boksda üç dəfə qızıl kəmər qazanmışam. İdmanda məğlubiyyət olmasa, qələbənin dadını bilməzsən.

O boyda Məhəmməd Əli, Mayk Tayson, Evander Holifild, Kliçko qardaşlarının hamısı məğlubiyyətlə üzləşib. Peşəkar idmançı bu məğlubiyyətlərdən dərs çıxarıb, bir də həmin nəticəni təkrarlamamalıdır.

ÇıxışYolu.Com - Əli İsmayılov: İndi də mənə küçədə “bürünc Əli” deyirlər

– Sizdən sonra peşəkar boksda Azərbaycan adından çıxış edib nailiyyət əldə edən boksçumuz olmadı…

– Vallah, əslində, çıxış edənlər oldu. Amma ağır çəkidə çıxış edən olmadı. Yüngül çəkidə çıxış edənlər də Azərbaycana tanınmamış idmançıları gətirdilər. Deyə bilərəm ki, peşəkar boksu Azərbaycana mən gətirdim.

– Yetirmələriniz arasında sizin getdiyiniz yolu davam etdirən olacaqmı? Elə potensiallı boksçularımız varmı?

– Əlbəttə ki, var. Həmişə onlara məsləhət görürəm ki, həvəskar boksda ad-san qazandıqdan sonra peşəkar boksa keçsinlər. Bu sistem belədir. Həvəskar boks peşəkar boks üçün tramplindir. Orada məşhurluq qazandıqdan sonra dünyadakı promouterlərin maraq dairəsinə düşürsən.

Mən döyüşdüyüm illərdə, demək olar ki, Azərbaycanda peşəkar boksla məşğul olan yox idi. ABŞ, İngiltərə, Fransa, Almaniyadan mənə təkliflər vardı. Bizə ən yaxın olan Rusiya ilə – Nikolay Valuyevin promouteri ilə müqavilə bağladım. Necə ki, Kriştianu Ronaldu portuqaliyalı ola-ola xarici klubda çıxış edə bilirsə, peşəkar boksda da belə olur.

Kliçko qardaşları rinqə çıxanda Ukrayna və Almaniya himnləri səslənirdi. Mən də çıxanda əvvəlcə təmsil etdiyim Azərbaycanın, daha sonra promouterimin olduğu Rusiyanın himni səsləndirilirdi.

ÇıxışYolu.Com - Əli İsmayılov: İndi də mənə küçədə “bürünc Əli” deyirlər

– Müsahibələrinizdən birində demişdiniz ki, Rusiyadan təklif olub, amma imtina etmisiniz. Amma indi deyirsiniz ki, Rusiya promouteri ilə müqavilə bağlamısınız. Buna aydınlıq gətirək…

– Mənə Rusiya vətəndaşlığı vermək istəyirdilər. Çünki ruslar istəyirdi ki, rinqə çıxanda ancaq Rusiya himni səsləndirilsin. Deyirdilər ki, Rusiyada rinqə çıxırsan, pulu burada qazanırsan, niyə Azərbaycan bayrağı qaldırılsın?! Mən də deyirdim ki, qəbul edən olsaydım, 1999-cu ildə ABŞ-ın təklifini qəbul edərdim.

Deməli, həmin il Hyuston şəhərində keçirilən dünya çempionatında məni yerli idmançıya uduzdurdular. Sən demə, Hyuston Holifildin yaşadığı şəhər imiş və mənim döyüşümə baxırmış. Onda mənə ABŞ adından çıxış etmək təklif olundu.

Mən isə dedim ki, artıq Sidney Olimpiadasına vəsiqə qazanmışam, istəyirəm, orada medal qazanım. Beləcə, ABŞ-ın təklifindən imtina etdim.

– Bəs doğuldunuz Ukraynadan təkliflər olubmu?

– Olub. İndiyədək keçmiş boksçularla münasibətim var. Oturub söhbət edəndə mənə deyirlər ki, sən niyə birinci vətəninə qayıtmadın?! Mən də deyirəm ki, birinci və sonuncu vətənim Azərbaycandır. Çünki damarımda azərbaycanlı qanı axır. Ukraynada Vladimir Kliçko ilə münasibətlərim var.

O, həmişə deyir ki, 1996-cı ildəki Atlanta Olimpiadasında çempion olarkən ən çətin rəqibi rəhmətlik Ədalət Məmmədov olub. Ədalət bizim Olimpiadada ilk medalımızı qazandıran insan olub.

Belçikalı Jan-Klod Van Dam və isveçli Dolf Löndqren “Universal döyüş” filminə çəkilən vaxtlarında Olimpiadada Ədalət Məmmədovun iki nokautunu görüb növbəti görüşlərdə onun qələbəsinə pul atmışdılar. Onu amerikalı sabiq peşəkar boksçu Corc Formana bənzədirdilər.

ÇıxışYolu.Com - Əli İsmayılov: İndi də mənə küçədə “bürünc Əli” deyirlər

– Həyat yoldaşınız Cəmilə İsmayılova da idmançı olub, idman gimnastikası üzrə 1992-ci il Olimpiadasında iştirak edib. Oğlunuzun adını Məhəmməd Əliyə görə qoyduğunuzu bilirik. Bəs qızınız Aliyənin adı Azərbaycan adından çıxış etmiş Rusiya tatarı olan bədii gimnast Aliyə Qarayevaya görə qoyulub?

– Bəli. Həmişə həyat yoldaşıma deyirəm ki, Aliyə Qarayeva edə bilmədiyini Aliyə İsmayılova edəcək (gülür). Yığmamızın üzvüdür.

– O vaxt Məhəmməd Əli sizə xalat bağışlamışdı. Həmin xalatı saxlayırsınız?

– Saxlayıram. 1999-cu ildə Hyustonda Məhəmməd Əli və Holifild mənimlə görüşəndə hələ oğlum anadan olmamışdı. Məhəmməd Əli adımın Əli olduğunu bilib təəccüblənmişdi. Demişdi ki, sənin döyüşünə baxacağam.

Döyüşdən sonra onun mühafizəçisi mənə paket göndərdi. Açdım, gördüm ki, xalat hədiyyə edib mənə. Bir il sonra Sidney Olimpiadası zamanı görüşəndə oğlumun adını ona görə Məhəmmədəli qoyduğumu bildirdim. Gözləri yaşardı, məni qucaqladı, soruşdu ki, bəs verdiyim xalatı niyə geyinmirsən?!

Dedim ki, onun adı Məhəmmədəlidir, mənimki yox, xalat onundur. O da məşhur kəlam işlətdi. Dedi ki, mən XX əsrin Məhəmməd Əlisi idimsə, qoy oğlun da XXI əsrin Məhəmməd Əlisi olsun. Hazırda bu arzunun üzərində işləyirik. 18 yaşı var, yeniyetmələrdən ibarət yığmamızın üzvüdür.

ÇıxışYolu.Com - Əli İsmayılov: İndi də mənə küçədə “bürünc Əli” deyirlər

– Qızınızla həyat yoldaşınız, oğlunuzun idmanı ilə siz məşğul olursunuz. Bəzən bəhs edirsinizmi ki, görək, kimin yetişdirdiyi “tələbə” nəticə qazanacaq?

– Əlbəttə. Buna sağlam rəqabət deyilir. İdmanda bu olmasa, nəticə də olmayacaq. Bəzən yoldaşım deyir ki, sən on yaşında boksla məşğul olmağa başlayanda, mən SSRİ idman ustası idim. Gimnastikada karyera qısa olur, erkən bitirib məşqçiliyə başlayırsan.

Onun məşqçi təcrübəsi mənimkindən çoxdur. Ona görə də bəzən ondan məsləhətlər alıram. Bədən Tərbiyəsi və İdman Akademiyasında bir qrupda oxumuşuq, məktəbdə bir partada oturmuşuq.

Nərimanovda parkın yanındakı məhəllədənik. Allaha çox şükür edirəm ki, həyat yoldaşım güclü idmançı olub. Məhz onun güclü idmançı olmağı sayəsində verdiyi məsləhətlər köməyimə gəlir.

– Ötən ilin sonlarında belə bir xəbər yayıldı ki, qardaşınız Eldar oğurluqda şübhəli bilinərək tutulub. Hazırda o, həbsdədir?

– Azadlıqdadır. Orada maşınların üstündə dava düşmüşdü. O hirslənib, maşının güzgülərini sındırmışdı. Hər hansısa oğurluqdan söhbət gedə bilməz. Məsələ həmin gün yerindəcə həll olundu.

ÇıxışYolu.Com - Əli İsmayılov: İndi də mənə küçədə “bürünc Əli” deyirlər

– Taekvondo Federasiyası kimi, Boks Federasiyasında da hazırda maddi problemlərin olduğunu bilirik. Maaşsızlıq sizə təsir edir?

– Əlbəttə ki təsir edir. Artıq yeddinci aydır ki, maaşlarımızı almamışıq. Taekvondoda vəziyyət bizimkindən də pisdir. Bir ildir ki, onlarda maaş verilmir. Hər iki federasiyada Olimpiya mükafatçıları ixtisara düşdülər. Amma yenə də vətənpərvərliyə görə işimizi davam etdiririk.

Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov və mənimlə Olimpiadada eyni vaxtda iştirak etmiş Fərid Mansurov deyir ki, müvəqqəti çətinlikdir, düzələcək. Amma idman belə şeyləri sevmir. İdmançı yaxşı qidalanmalı, bərpaedici vitaminlərlə təmin olunmalıdır. Dişimizi sıxıb işləyirik.

– Son sualım. Bu ay keçiriləcək dünya çempionatında sizdən nə qədər medal gözləyək?

– Orada yeddi idmançımız iştirak edəcək. Qızıl, gümüş və bürünc medal olacağını proqnozlaşdırmışıq.

– Amma bürünc çox olmasın. Sonra yenə adınız çıxar…

(gülür) Ötən il Antalyadakı Avropa çempionatından bir qızıl, bir gümüş və iki bürünc medalla qayıtdıq. İki dənə bürüncə görə dedilər ki, bu, yüz faiz Əlinin işləridir. Özü də həmin bürünc medal qazanan boksçular sırf mənim tələbələrim idi (gülür).

ÇıxışYolu.Com - Əli İsmayılov: İndi də mənə küçədə “bürünc Əli” deyirlər

Səbuhi MUSAYEV

FOTO: Sadiq FƏRZƏLİBƏY

www.ÇıxışYolu.Com