Nüfuzlu “Time” jurnalı son nəşrinin üz qabığına qalmaqallı kollaj yerləşdirib.
ÇıxışYolu.Com xəbər verir ki, bu haqda “Lenta.ru” məlumat yayıb.
Həmin kollajda göz yaşı içində nəzərlərini ABŞ prezidentinə yönəldən balaca uşaq təsvir olunub.
Şəkil “Amerikaya xoş gəlmisiniz” yazısı ilə müşayiət olunur.
Dərginin son buraxılışında əsas mövzu Tramp administrasiyasının qanunsuz miqrantlara qarşı sərt və güzəştsiz siyasəti olub.
Karl Vikinin məqaləsi “Trampın sərhəddə ailələri didərgin salma siyasətinin nəticəsi: biz necə bir ölkəyik?” başlığı ilə dərc olunub. Kəskin tənqidi tonda olan məqalədə hazırkı Ağ Ev başçısının ölkədə yüz illər ərzində rəhbər tutulan humanist dəyərləri tapdaladığı qeyd olunur.
Geniş materialda başlıca olaraq Meksikadan qanunsuz yolla ABŞ-a daxil olmağa çalışan aztəminatlı meksikalı miqrant ailələrinə qarşı “sıfır təmkinlilik” siyasətinin tətbiqi, azyaşlı uşaqların sərhəddə valideynlərindən ayırılması pislənilir.
Xatırladaq ki, iki gün əvvəl Tramp ölkədə bu praktikanın qadağan edilməsi ilə bağlı fərman imzalayıb.