ÇıxışYolu.Com – Alfa Liqada finalçılar müəyyənləşdi

Baxış sayı: 2. 794 dəfə baxılıb.

ÇıxışYolu.Com - Alfa Liqada finalçılar müəyyənləşdi

Azərbaycan Minifutbol Federasiyasının ilk dəfə keçirdiyi Alfa Liqada mübarizə sona yaxınlaşmaq üzrədir.

ÇıxışYolu.Com xəbər verir ki, artıq finalçılar müəyyənləşib.

Belə ki, “Peçat Dönər” LSS-ə 5:3, KATV1 isə “Sirena Motors”a 7:3 hesabı ilə qalib gəlməklə finala çıxıb. Uduzan komandalar isə bürünc medal uğrunda üçüncülük matçı keçirəcək.

Yeri gəlmişkən, yarımfinal oyunlarından sonra komandaların futbolçuları fikirlərini bildirib.

Elvin Quliyev (KATV1):  “Çətin oyun oldu. İlk hissədə 2:0 önə keçsək də, hissənin sonuna yaxın rəqib fərqi azaltdı. Daha sonra isə ikinci hissənin əvvəlində hesabı bərabərləşdirdi. Lakin ruhdan düşmədik. Komanda şəklində can qoyub mübarizə apardıq. Dərk edirdik ki, finalın bir addımlığındayıq, geri dönüş yoxdur. Düzdür, şoka düşmüşdük, amma sonra özümüzə gəlib rəqibi məğlub edə bildik.

Oyundan sonra rəqib oyunçular da bizə yaxınlaşıb təbrik etdi. Qələbəyə layiq olduğumuzu dedilər. Finaldakı rəqibimizin bəzi oyunçularını tanıyıram, oyun tərzlərinə bələdəm. Hamımız çempionluğa inanırıq və yalnəz çempionluq haqda düşünürük. Komandada hər kəs bir-birinə güvənir”.

 
Samir Əzimzadə (“Peçat Dönər”): “Yarımfinal oyunu çox gərgin alındı. İlk on dəqiqədə LSS bizi təzyiq altında saxladı və nəticədə üç qol vurdu. Daha sonra qələbənin dadını duyub arxayınlaşdılar. Bizim Əsgər demişkən, düşünmədilər ki, futbol final fitinə qədər davam edir və bizim komanda ruhumuz var.

Biz isə komanda olaraq bir-birimizə inanırdıq və nəticədə möhtəşəm geri dönüşə imza atdıq. Finala gəlincə, rəqibimiz KATV1 də bizim kimi zəif rəqib deyil. Onları qiymətləndirməmək olmaz. Komandamızdakı hər bir oyunçumuza inanıram və inanıram kı, kubok bizim olacaq”.

  
Emin Quliyev (“Sirena Motors”): “Vallah hələ də özümüzə gəlməmişik. Düzdür, oyuna boş çıxmışdıq, uşaqlar fikirləşirdi ki, rahat qələbə qazanarıq. Oyunun əvvəli də onu göstərirdi. İki topumuz dirəkdən döndü, bir az da rahatlaşdıq ki, qələbə qazanacağıq. Hər şey anidən dəyişdi. Rəqib iki qol vurdu. Biz isə bundan sonra ayıldıq. Hesabı bərabərləşdirsək də, məşqçinin əvəzetmələri bizi çox çətinə saldı.

Məşqçinin Elvin Bayramovu az oynatması oyunumuza mənfi təsir göstərdi. Hacının (məşqçinin) onu niyə az oynatmasınının səbəbini heç özümüz də bilmədik. Bu idmandır, biri udar, biri uduzar. Biz öz səhvimizdən uduzduq. Çox təəssüf… Rəhbərlik komanda üçün çox əziyyət çəkmişdi. Məqsədimiz çempion olmaq idi, III yer uğrunda oyun bizim maraq dairəmizdə deyildi.

Lakin düşünürəm ki, qrupda məğlub olduğumuz LSS ilə bürünc medallar uğrundakı oyunumuz finaldan daha maraqlı olacaq. İnşallah, növbəti Alfa Liqada tam fərqli “Sirena Motors” görəcəksiniz. O ki qaldı finala, düşünürəm ki, inşallah, “Peçat Dönər” çempion olacaq”.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com