Rusiyadakı dünya çempionatının oyunu zamanı Argentina milli komandasının azarkeşləri Xorvatiya yığmasının fanatını döyüblər.
ÇıxışYolu.Com xəbər verir ki, hadisə Nijni-Novqoroddakı eyniadlı stadionda iki ölkə milliləri arasında keçirilmiş görüşün sonuna bir neçə dəqiqə qalmış baş verib.
Xorvatiyaya məğlubiyyətdən qəzəblənən beş argentinalı tribunanın altındakı keçiddə yalqız xorvatiyalıya hücum ediblər.
Xorvatlardan biri isə döyülən həmyerlisinə dəyən zərbələrin qarşısını almağa çalışıb. Sonda vəhşiləşmiş argentinalıların təpik zərbələrinin qarşısını elə argentinalı fanatlar alıb.
Qeyd edək ki, görüş Xorvatiya yığmasının qələbəsi ilə yekunlaşıb – 3:0. Bu məğlubiyyətdən sonra Argentina 1/8 finala vəsiqə şanslarını xeyli azaldıb.