Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Çağrı” mərkəzinin yeni inzibati ofisinin açılışı olub.
ÇıxışYolu.Com-ın məlumatına görə, açılış tədbirində “ASAN xidmət”in sədri Ülvi Mehdiyev media nümayəndələrini mərkəzin inzibati binası ilə tanış edib.
Sədr bildirib ki, “Çağrı” mərkəzi “ASAN xidmət” yarandığı gündən fəaliyyət başlayıb:
“Bu günə qədər ümumilikdə 2 mln. 500 minə yaxın müraciət qəbul olunub. “Çağrı” mərkəzinin əsas məqsədi “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlərlə bağlı təkliflər, şikayətlər və iradların qəbul olunmasıdır.
Mərkəz 30 nəfərlik kollektivlə kiçik bir məkanda fəaliyyətə başladı və gündəlik üç minə yaxın zəng qəbul olunurdu. Bu gündən etibarən yeni “Çağrı” mərkəzinin açılışı baş tutdu. Əvvəllər zənglərin beş faizini itirirdik. Bundan sonra heç bir vətəndaşın zəngi itirilməyəcək, heç bir vətəndaş cavab üçün çox gözləməli olmayacaq”.
Ülvi Mehdiyev qeyd edib ki, xidmət zallarında ümumi olaraq 100 əməkdaşın fəaliyyəti nəzərdə tutulub:
“Mərkəzdə işə dövlət qulluğuna imtahanla keçən şəxslər götürüləcək və onlar xüsusi təlimlərə cəlb olunacaq. Mərkəz özəl sektorun xidmətləri ilə bağlı məlumatları vətəndaşlara çatdıracaq”.
Qeyd edək ki, hazırda 108 “Çağrı” mərkəzi vasitəsilə müraciətlər həftənin bazar ertəsi-cümə günləri, saat 10:00-dan 19:00-dək, şənbə günü 10:00-dan 14:00-dək qəbul olunur.
Eyni zamanda, bayram və istirahət günlərində 24 saat avtomatlaşdırılmış rejimdə səsli məlumatlandırma sistemi vasitəsilə xidmət göstərilir.
İlhamə Əbülfət
www.ÇıxışYolu.Com