İyunun 29-30-u tarixlərində Türkdilli və Əqrəba Ölkələrin Vəkillər Kollegiyalarının (TÜRK-AV), Türkiyə Vəkillər Kollegiyaları Birliyinin və Kastamonu Vəkillər Kollegiyasının təşkilatçılığı ilə Türkiyənin Kastamonu şəhərində “Ölkələrarası əlaqələrin inkişafında vəkillər və vəkillər kollegiyalarının rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.
ÇıxışYolu.Com xəbər verir ki, Özbəkistan, Monqolustan, Türkmənistan, Qırğızıstan, Şimali Kipr və Qazaxıstan vəkillər kollegiyalarının iştirak etdiyi tədbirdə ölkəmiz Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırov və sədrin müavini Pərviz Ələkbərov tərəfindən təmsil edilib.
Tədbiri giriş sözü ilə açan Türkiyə Vəkillər Kollegiyaları Birliyinin sədri Metin Feyzioğlu vəkillərin ölkələrarası əlaqələrin qurulmasındakı rolunun əhəmiyyəti, həmçinin qanunun aliliyinin təmin edilməsində bu kimi əlaqələrin özünəməxsusluğu barədə fikirlərini bölüşüb.
Daha sonra tədbirdə çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov ölkəmizdə vəkillik sahəsində aparılan islahatlar, Azərbaycan Respublikasının prezidentinin vəkilliyin inkişafı haqqında sonuncu sərəncamından irəli gələn tövsiyələrin icrası, habelə türkdilli ölkələrin vəkilləri arasında əməkdaşlıq münasibətlərinin qurulmasında TÜRK-AV-ın mühüm rolu barədə geniş çıxış edib.
Tədbirdə Kastamonu vilayətinin bələdiyyə sədri, icra hakimiyyətinin başçısı və bir sıra digər vəzifəli şəxslər iştirak edib.
Konfransın ardından mədəni tədbirlər çərçivəsində Türk xalq musiqi konsertində iştirak edilib, Türk Ocaqlarının Kastamonu şöbəsi ziyarət edilib.
Tədbirin sonunda xatirə fotoları çəkilib.