Həftəsonu “Miss & Mister Grand Azerbaijan 2018” gözəllik müsabiqəsinin möhtəşəm final mərhələsi baş tutub.
ÇıxışYolu.Com xəbər verir ki, 10 xanım və 10 bəy finalist 7 əsas nominasiyanın qazanılması uğrunda gərgin mübarizə aparıblar.
Üç əsas çıxış mərhələsi üzrə münsiflər heyətindən, müsabiqənin idarə heyətindən və əldə olunmuş biletlərdən topladıqları ballar əsasında qaliblərin adları müəyyən olunub.
Müsabiqə finalistləri tamaşaçılara bir neçə parlaq defile təqdim ediblər. Onlar eksklüziv dizayner geyimləri ilə podiuma çıxıblar.
Yekunda finalist xanımlar ziyafət geyimlərində, bəylər isə ciddi kostyumlarda podiumda peyda olublar.
Təşkilatçılar müsabiqəni finalistlərin moda nümayişi ilə məhdudlaşdırmayıblar. Onlar kiçik viktorinalar da təşkil ediblər ki, finalistlər təsadüfi suallara cavab verərək öz bacarıqlarını nümayiş etdirsinlər.
Münsiflərin toplantısından və səslərin sayılmasından sonra əsas nominasiyalar üzrə qaliblərin adları açıqlanıb. “Miss Grand Azerbaijan” tituluna Ayşə Qarayeva, “Mister Grand Azerbaijan” adına isə Nuru Əhmədov sahib olub.
“First runner up” adlarını Pərvin Əliyeva və Fərid Əliyev qazanıb. Üçüncü yer və “Second runner up” adı Aydan Yeşildağa və Ağasəlim Mikayılova verilib.
Digər iştirakçılar isə müxtəlif nominasiyalarında mükafatlar alıblar.
Gecənin qonaqlarına maraqlı musiqi proqramı təqdim edilib, müsabiqə parti ilə başa çatıb.