Bakı Apellyasiya Məhkəməsində Lənkəran rayon sakini Bəxtiyar Məmmədovun (1985-ci il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
ÇıxışYolu.Com-ın məlumatına görə, ötən il avqustun 29-da Nəsimi RPİ 22-ci polis bölməsinə könüllü gələn Bəxtiyar Məmmədov saat 12:00 radələrində Keşlə qəsəbəsində, kirayə yaşadığı Yenikənd küçəsindəki 24 saylı evdə, həyat yoldaşı Zülfiyyə Mərufovanın mobil telefonunda başqa şəxslə fotoşəkillərini gördüyü üçün onu boğaraq, öldürdüyünü bildirib.
Məlumat aidiyyəti üzrə inzibati əraziyə nəzarət edən Nizami RPİ 23-cü polis bölməsinə verilib. Polis və prokurorluq əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçiriblər. Otaqlardan birində 1991-ci il təvəllüdlü Zülfiyyə Mərufovanın meyiti aşkar edilib.
Təqsirləndirilən şəxs qismində dindirilmiş Bəxtiyar Məmmədov bildirib ki, 2009-cu ildən dini qaydada kəbin kəsdirərək Zülfiyyə Mərufova ilə Lənkəran rayonunda ər-arvad kimi yaşayıb. Özü tez-tez Bakıya gəlib, bazarda alver edib, bir ildən sonra oğlan övladı dünyaya gəlib, 2013-cü ildə ailəsini götürüb, Bakıya köçüb.
Müxtəlif ünvanlarda kirayədə yaşayıb. 2017-ci ilin may-iyun aylarında tanışları ilə birlikdə pul qazanmaq üçün Mahaçqala şəhərinə gedib. Həmin ərəfədə Zülfiyyə yaşadıqları Keşlə qəsəbəsində gözəllik salonunda saç ustası işəməyə başlayıb.
Dağıstandan onunla telefon əlaqəsi saxladıqda, arvadı artıq salondan işdən çıxdığını və “20 Yanvar” metrostansiyasının yaxınlığında, şirniyyat mağazasında işlədiyini deyib. İyul ayında atasının vəfatının ildönümü ilə əlaqədar rayona gediblər, lakin arvadı bir gün qalıb, səhərisi gün şəhərə qayıdıb. Bundan bir həftə sonra Bəxtiyar Bakıya qayıtdıqda bilib ki, arvadı gecə növbəsində işləyir.
Zülfiyyənin hərəkətlərinə şübhəlib, təkidlə ona mağazanın yerini deməsini xahiş etsə də, arvadı bəhanələr gətirərək, iş yerinin ünvanını söyləməyib. Buna görə qadını izləyib, iş yerini müəyyən etməyi qərarlaşdırıb. Avqustun 27-si, axşam saat 19:00 radələrində Zülfiyyə evdən çıxıb 38 nömrəli sərnişin avtobusu ilə metronun “Koroğlu” stansıyasına qədər gedib.
Sonra metroya düşüb, qatarda “Sahil” stansiyasına qədər onu görsə də, sonra adam çox olduğu üçün onu itirib. Stansiyadan çıxıb, yaxınlıqda yerləşən müxtəlif mağazalara girsə də, qadını tapa bilməyib. Artıq Zülfiyyənin onu aldatdığını başa düşüb.
2-3 gündən sonra yenidən həmin ərazidə fəaliyyət göstərən “Sağlamlıq” masaj salonuna daxil olaraq, arvadının şəkilini işçilərdən birinə göstərib, onu tanıyıb-tanımadığın soruşub. Salonun işçisi şəkilə baxıb, qadını tanımadığını deyib. Lakin Bəxtiyar salondan aralanıb, kənarda dayandığı vaxt Zülfiyyə gözlərinin qarşısında ora daxil olub.
Avqustun 29-da, yoldaşı saat 11:00 radələrində evə gəlib. Bəxtiyar onun telefonunun bağlı vəziyyətdə olmamasından istifadə edib, şəkillər faylına daxil olub. Ora baxdıqda, arvadının tanımadığı oğlanla qucaqlaşmış vəziyyətdə şəkilini görüb. Zülfiyyə dərhal telefonu əlindən alıb. Aralarında mübahisə başlayıb.
Onun şəklini görüb, özünə nəzarəti itirib. Dəfələrlə arvadından telefonunu tələb edib. Yataq otağına daxil olaraq, qapını örtüb və oğluna içəri girməməsini tapşırıb. Hücum çəkib, sağ əli ilə onun boğazından yapışıb, sol əli ilə çiynindən aşağı basıb, yerə yıxıb. Zülfiyyə müqavimət göstərib, əlləri ilə sifətini cırmaqlasa da, onu buraxmayıb və artıq hər iki əli ilə onu boğub.
Yeganə məqsədi onu öldürmək olub. Sonra evdən 10 manat pul götürüb, oğlunu taksi ilə bacısıgilə aparıb, təhvil verib. Zülfiyyəni qətlə yetirdiyini və polisə təslim olacağını bildirib.
Zərərçəkmişin hüquqi varisi Rəvanə Məmmədova ifadəsində göstərib ki, bacısı ilə əri arasında daim mübahisələr olub. Belə ki, Bəxtiyar heç yerdə işləməyib, Zülfiyyəni məcbur edib ki, pul qazanıb, ona versin. Onlar çox vaxt birlikdə deyil, ayrı-ayrı ünvanlarda yaşayıblar.
Bəxtiyar, adətən, pul tələb etmək məqsədilə onun yanına gəlib. Bacısı Bakıda son iki il ərzində şokolad fabrikində, gözəllik salonunda və kafedə işləyib. Ayın 29-da anası ona zəng edərək, Bəxtiyarın Zülfiyyəni öldürdüyünü bildirib.
Həmin ünvana gəldikdə, orada polis və prokurorluq əməkdaşlarını görüb. Zərərçəkmiş bildirib ki, təqsirləndirilən şəxsin onun bacısının əxlaqsızlıqla məşğul olması barədə söylədikləri yalandır.
İstintaqın gedişatında məlum olub ki, Zülfiyyə Mərufova 2017-ci ilin aprel ayından Səbail rayonu, Xəqani küçəsi, 26 ünvanında, kafedə ofisiant işləyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi və onun nümayəndəsi apellyasiya şikayəti veriblər.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.