Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində müvəqqəti çəkilmiş yolun çökmə səbəbinin aşkar edilməsi ilə bağlı müvafiq səlahiyyətli qurumlar tərəfindən geoloji-kəşfiyyat işləri aparılır.
Bu barədə ÇıxışYolu.Com-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, bununla bağlı yayılmış ilkin məlumata əsasən, yol səthindən 5-6 metr dərinlikdə dəmir-beton konstruksiya aşkarlanıb.
Qurum rəsmisi qeyd edib ki, həmin ərazidə metro stansiyasının tikintisi üçün sahə 2012-ci ildə ayrılıb:
“Ərazidən keçən əsas yol metro stansiyasının inşaatı üçün bağlandığından, qeyd edilən müvəqqəti yol alternativ kimi 2013-cü ildə salınıb. Hazırda məsələ ilə bağlı müvafiq səlahiyyətli qurumlar tərəfindən aparılan araşdırma işlərində “Bakı Metropoliteni” QSC-nin nümayəndələri də iştirak edirlər. Bununla bağlı əlavə məlumatlar ictimaiyyətin diqqətinə çatdırılacaq”.
15:54
Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində çökmüş ərazidə aparılan qazıntılar zamanı yol səthindən təqribən 5-6 metr dərinlikdə dəmir-beton konstruksiya aşkarlanıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəflinin ÇıxışYolu.Com-a verdiyi məlumata görə, ilkin araşdırma zamanı məlum olub ki, bu, əvvəllər sözügedən ərazidə söküntüsü tam həyata keçirilməyib və tökmə torpaqla örtülmüş hündürmərtəbəli binanın zirzəmi hissəsidir.
“Şərti adı “B-04” olan metro stansiyasınının tikinti ərazisi Cəlil Məmmədquluzadə küçəsinə düşdüyü üçün 2012-ci ildə küçənin sözügedən hissəsi hərəkət üçün bağlanaraq hasarlanıb. “Bakı Metropoiteni” QSC-nin sifarişi ilə boş ərazidə alternativ olaraq müvəqqəti yol salınıb.
Müvəqqəti yol hissəsi söküntüsü tam həyata keçirilməmiş, tökmə torpaqla örtülmüş hündürmərtəbəli binanın zirzəmisinin üzəri ilə çəkildiyindən və həmin zirzəminin 6-7 ildir ki, torpaq altında qalaraq korroziyaya uğramış mərtəbələrarası beton tavası ötən gün gecə saatlarında sındığından müvəqqəti yolda çökmə baş verib.
Hazırda ərazidə geoloji-kəşfiyyat işləri aparılır.
Qeyd edək ki, çökmə qeydə alınan hissə “Bakı Metropoiteni” QSC-nin sifarişi ilə alternativ olaraq və müvəqqəti salındığı üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında deyil.
Çökmə ərazisində aparılan işlərlə bağlı ətraflı və daha geniş məlumatlar veriləcək”.
11:48
Cəlil Məmmədquluzadə küçəsində çökmüş ərazidə aparılan qazıntılar zamanı təqribən yol səthindən 5-6 metr dərinlikdə tunel tipli boşluq aşkarlanıb.
ÇıxışYolu.Com xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli “Facebook” hesabında qeyd edib.
Onun sözlərinə görə, ehtimal olunur ki, bu, ərazidə əvvəllər mövcud olmuş, sonradan söküntüsü yarımçıq həyata keçirilmiş binanın divarlarıdır.
Yolun çökməsinin səbəbi də məhz torpaq qatının həmin boşluğa çökməsidir.