ÇıxışYolu.Com - Baloğlan Əşrəfov: Dedi ki, deputatlardan çox sənə gümanımız var

ÇıxışYolu.Com – Baloğlan Əşrəfov: Dedi ki, deputatlardan çox sənə gümanımız var

Baxış sayı: 2. 045 dəfə baxılıb.

Bir neçə ildən sonra Əməkdar artist Baloğlan Əşrəfov “Mən də varam dünyada” adlı solo konserti ilə sevənlərinin qarşısına çıxmağa hazırlaşır.

Müğənni ÇıxışYolu.Com-a müsahibəsində konsertin detalları və bir neçə illik susqunluğunun səbəblərindən danışıb:

– Uzun müddət sonra konsert verirsiniz. Bir müddətdir geri çəkilməyinizin səbəbi nə idi?

– 90-cı illərdən sonra insanlarda pessimizm yaranmışdı. Yuxarı dairələrdən tapşırdılar ki, Yaşıl Teatrda konsert verim ki, əhali stressdən ayılsın. Elə də oldu. Çox gözəl konsert baş tutdu. İkinci dəfə həyata qayıdandan sonra isə Heydər Əliyev sarayında və Yaşıl Teatrda konsert vermişəm.

Bu dəfə isə saysız-hesabsız tamaşaçıların, xüsusilə, iranlıların istəyilə yenidən konsert verirəm. Sentyabrın 8-də tamaşaçılarımın görüşünə gələcəyəm. Bilmirəm bu, konsert məsələsi davam edəcək, ya yox. Amma düşündüm ki, insanların qarşısına çıxmaq lazımdır.

– Yaşınızdan qorxursunuz?

– Yox, məsələ burasındadır ki, bu yaşımda insanlar məndən konsert tələb edirsə, mən də qarşıma elə məqsəd qoymuşam ki, konsertim hər cəhəti ilə orada səhnəyə çıxmış bütün ifaçıların konsertindən fərqlənməlidir. Bizim dövrümüzdə çalıb-oxumaq indiki kimi asan deyildi. İndi kompüterlə hər şeyi düzəldirlər. 

– Əvvəllər şeirlər də yazmısınız. Müsahibələrinizin birində demisiniz ki, adamın gərək üzü ola ki, Nizaminin, Füzulinin, Səməd Vurğunun yanında özünə şair deyə…

– Filologiya fakültəsini bitirmişəm. Şeirə marağım olub. Yaxşı şeirlərə mahnılar bəstələmişəm. Cızma-qara şeirlərlə işim olmayıb. Cılız şeirlərə mahnı oxumağı özümə sığışdırmamışam. Sırf şairlərin şeirlərindən istifadə etmişəm. Çox mahnıya da özüm sözlər yazmışam.

Etdiklərimi qısqanclıqla qarşılayırlar. Əgər o boyda Türkiyənin müğənnisi mənim mahnımı oxuyursa, konsertlərdə mənim adımı çəkirsə, o mahnılardan pul qazanırsa, niyə bunları önə çəkmirlər? Axı bu da Azərbaycanın adınadır. 

– 80-ci illərdən mahnı bəstələməyə başlamısınız. Ancaq bunu illər sonra meydana çıxarmısınız. Bunun səbəbi nə idi?

– Sovet rejiminin bir qaydası var idi. Mütləq idi ki, mahnını yalnız professional bəstəkar bəstələsin. Ona görə də mahnıları xalq mahnısı, təsnif adı ilə oxuyurdular. Heç vaxt deyə bilməzdim ki, o mahnını mən yazmışam. Mənə deyərdilər, sənin nə ixtiyarın var ki, mahnı yazmısan? 

ÇıxışYolu.Com - Baloğlan Əşrəfov: Dedi ki, deputatlardan çox sənə gümanımız var

Türkiyədə cəmi dörd sinif oxumuş İbrahim Tatlısəs çox gözəl mahnıların müəllifi idi. Amma deyən yox idi, bu mahnılar kimindir? Bizdə isə qadağalar var idi. Bəstəkarlarımız var. Onlar yazmalıdır. Mahnılarda sosializm, dostluq münasibətləri, əməksevərlik təbliğ olunmalıdır.

Sevgiyə çox fikir olmazdı. Əgər konsertdə sevgidən oxuyurduqsa, səhəri gün qəzetdə yazı gedirdi: “Hamı “yar-yar” deyir”. Bizi tənqid edirdilər. Konsertlərimizin 50 faizinə məhz belə şeylərə həsr etməli idik. Əgər olmasa, bizi radioya, televiziyaya yaxın qoymurdular.

ÇıxışYolu.Com - Baloğlan Əşrəfov: Dedi ki, deputatlardan çox sənə gümanımız var

Mənim “Nədəndir” adlı mahnımı Orta Asiyada neçə yerdə oxuyublar. Sərdar Ortaç mənə müraciət etdi. Dedim ki, qardaş, bizdə belə şey yoxdur. İcazə verirəm, get, oxu. İndi də mənim mahnılarımı oxuyurlar. Ancaq onlara demək istəyirəm ki, məndən yaxşı oxuyurlarsa, oxusunlar. Yoxsa pis günə qoyacaqsınızsa, etməyin. 

– 11 il öncə altı gün komada qaldınız. Bundan sonra sizin üçün nələr dəyişdi?

– Ondan öncə o qədər əliaçıq idim ki, qazandığımın yarısını paylayırdım. Allah məni sevib ki, mənə ikinci həyatı verib. Həmin ərəfələrdə heç kimin bir manatına qıymadım. O insanları tanıdım. Həyatı daha dərindən analiz etdim, dünyaya baxışım dəyişdi.

ÇıxışYolu.Com - Baloğlan Əşrəfov: Dedi ki, deputatlardan çox sənə gümanımız var

Heç kimi qınamıram. Pis günün ömrü az olur. Qayıtdım, yarımçıq işlərimi yerinə yetirdim. Uşaq evləndirdim, köhnə evimin yerində təzəsini tikdim. İnsanlardır, kim hansı niyyətlə hansı səhvə yol verib, allah canlarını sağ eləsin. Bütün insanların gözünə dik baxıram. Kimin bir balaca səhvi varsa, qarşımda başını aşağı əyir. Danışa bilmirlər.

– Baxmayaraq ki, 82-ci ildə səhnəyə gəlmisiniz. Lakin sizə “Əməkdar artist” fəxri adı 25 il sonra verildi…

– 80-ci illərdə Filarmoniyada ayda iki dəfə konsert verirdim. Tamaşaçılar şüşələri sındırırdı.  Sonra məni Filarmoniyadan uzaqlaşdırdılar. Polad Bülbüloğlunun gəlişindən sonra isə məni yenidən Filarmoniyada konsertlər vermək üçün dəvət etdilər. Xalq artisti olmasam da, xalqımın artistiyəm. Azərbaycanı qarış-qarış gəzsəniz, onlar hamısı az da olsa, məni tanıyır.

– Döyüş gedə-gedə yaralı əsgərlərə konsert vermisiniz…

– Siz bunu haradan bilirsiniz? Bu məlumat çox az adamda var. Elə bir yerə getdik ki, əsgərlər yaralı idi. Əsgərin əli-qolu, başı sarıqlı vəziyyətdə dayanmışam başının üstündə, onun üçün mahnı oxumuşam.

Həmkarlarımla biz burada mahnı oxuyurduq, əsgərlər güllə yarasından qışqırırdı, həkimlərə yalvarırdı. Düşmənlə aramızda çox az məsafə var idi. Onlar bizi də öldürə bilərdi.

Bundan əlavə, əsgərlərə konsert verməyə getmişəm, onlara televizor bağışlamışam. Müəyyən şeylər alıb-aparırdım. Heç yerdə də demirdim. Fikirləşirdim ki, bu, mənim borcumdur. Ancaq mən demədim, heç kim də bunu dilə gətirmədi. Dedilər ki, belə gəlib, belə də gedəcək.

– Müsahibələrinizin birində demisiniz ki, xalq mənə peyğəmbərsayağı yanaşır…

– Peyğəmbərsayağı yox, mənə müqəddəs bir insan kimi yanaşırlar. Bir rayonda deputatın tanıtım tədbiri idi. Konsertə getmişdik. Mən səhnəyə çıxanda yaşlı qadınlar əllərindəki kağızı mənə uzatdı. Dedilər ki, bəs oğlumuzu tutublar, filan problemlərimiz var. Dedim ki, ay anam, ay bacım, mən deputat deyiləm. Onlar mənə dedi ki, deputatlardan çox sənə gümanımız var.

ÇıxışYolu.Com - Baloğlan Əşrəfov: Dedi ki, deputatlardan çox sənə gümanımız var

– Ağır günlər keçirdiyiniz zamanlarda insanlar sizə görə narahat olurdu. Sizə qarşı xalqın istəyi böyükdür.

– Azərbaycan xalqı məni həmişə istəyib. Həmin vaxtlarda çoxlu qurbanlıq qoyun alınmışdı. Qohumlarımdan əlavə, Azərbaycanın ayrı-ayrı rayonlarından ayağımın altında 82 qurban kəsiblər. İnsanların duası məni ikinci dəfə həyata qaytardı.

– 67 yaşınız var, ancaq cavan qalmısınız. Bunun sirri nədədir?

– Xalqın sevgisi mənə kömək olub. Allah da mənə rəhm edir, istəyir ki, cavan qalam. Öz nəfsimə qadağa qoyuram, çox şeyləri etmirəm.

ÇıxışYolu.Com - Baloğlan Əşrəfov: Dedi ki, deputatlardan çox sənə gümanımız var

– Yetərincə xalq qarşısında nüfuzunuz var. İndiki cəmiyyətdə sizi nələr narahat edir?

– İstəyirəm ki, hərə öz işi ilə məşğul olsun. Onlara aid olmayan sahələrə burnunu soxmasın. Başıma o qədər işlər gəlib ki… Mən şəhvət oyadan, insanları təbiiliyindən çıxaran mahnılar oxumamışam.

Mənimlə yuxarıda oturanların davası həmişə fərqli oxumağıma görə olub. Məni tənqid edirdilər, üz-üzə gələndə isə deyirdilər ki, vallah, günahımız yoxdur. Məcbur edirlər, biz də tənqid edirik. Vallah, mən rus stilində ifa edə bilmərəm. 

– Ancaq qeyd edim ki, sizin dediyiniz kimi, rus stili və Avropa stilində olan mahnılar azərbaycanlılar tərəfindən çox qəbul olunmur. Bu gün “Youtube” trendlərinə baxsaq, bunun şahidi olarıq. Həm siz dediyiniz Avropa stilində oxuyan ifaçılarımız isə bununla mübarizə aparırlar və qeyd edirlər ki, onların ifa tərzi daha səviyyəlidir…

– O mahnılar milli mentalitetimizə uyğun gəlmir. Mən mahnı oxuyanda camaata pul paylayıram? Demişəm ki, qurban olum, ayağınızın altında ölüm, nə olar, məni sevin? Xalqı ideya baxımından başqa yola çəkmirəm ki? Niyə mənim oxuduqlarım bəzi dairələrdə qəbul olunmur?!

Bir dəfə bəstəkar Ruhəngiz Qasımova mənimlə prinsip aparırdı ki, Baloğlan düzgün oxumur. Ancaq o qadın məni evinə aparmışdı. Pianoda on mahnı ifa etdi. Gördüm ki, bu mahnılar mənlik deyil.

Mədəni formada dedim ki, mahnılarınız yaxşıdır, sadəcə, mən oxuya bilmərəm. Sonra isə məni pisləyib. Əgər pis idimsə, məni niyə evinə aparırdın? Oxuya bilməyən birini evinə apararsan? Buna görə düşmənçilik aparmaq olar?

– Düşmənçilik aparıb neyləyirdi ki?

– Həngamə qopardı. Baloğlan bizim muqisimizi başqa cür təqdim edir. Mənə böhtan atdılar ki, Üzeyir Hacıbəyova söz atmışam. Hamısı boş-boş şeylərdir. Talış torpağında doğulmuşam. Həmin dildə olan mahnıları da yaxşı ifa edirəm.

ÇıxışYolu.Com - Baloğlan Əşrəfov: Dedi ki, deputatlardan çox sənə gümanımız var

Bu da müəyyən dairələrdə qısqanclıq yaradır. Ancaq təpədən-dırnağadək azərbaycanlıyam. Vətənimə xidmət edirəm. Həyatım başdan-ayağa romandır. Ateist deyiləm, ancaq dini məsələlərdə həssasam. 

Mən komaya düşəndə gördüm üzü saqqallı, yamyaşıl bir kişi var idi. Gözləri isə balaca idi. Qayıtdı ki, gedin, görün, bu oğlan kimdir, ona görə məni narahat edirlər. Onun işini sahmanlayın. Ondan sonra komadan ayıldım.

Mənə qısqanclıqla yanaşırlar. Yanaşsınlar. Mənə deyirdilər, səsini bəyənmirik, evə gedəndə mən oxuyurdumsa, televizorun qarşısına yığışırdılar. Nə qədər fərqli oxusam da, səsi inək səsinə bənzəyənlərdən yaxşı oxuyuram.

– Müğənni nə vaxt qocalmış sayılır?

– Müğənninin gündəmdə qalmasının ən mühüm səbəblərindən biri də yaradıcılığıdır. Əgər sənin təzə mahnın yoxdursa, yaradıcılığın bitibsə, sən 30 yaşında da, 25 yaşında da qocasan. Necə ki, mənimlə birgə ifa edən müğənnilər var idi.

Çox gözəl səslərə malik idilər. Amma heç biri indi yoxdur. Ona görə ki, mahnı bəstələmədilər, oxumadılar. Hər dəfə eyni şeyi oxuyub, unuduldular. Dünyada 2-3 müğənni olub ki, ölənədək dəbdə olublar.

Onlardan biri də Zeki Mürendir. İnsanlar onun evində növbəyə dayanıb, ona sitayiş edirdilər. Bizdə isə 50 yaşa çatanda deyirlər ki, əşşi, oxumuşam da, bəsdir. Ondansa, de ki, ölmüşəm. Amma keçən il, bu il mənim mahnılarım toyların bəzəyidir. “İtən eşqim” adlı mahnımı Manaf Ağayev neçə il sonra təkrar oxuyub. Bütün toyları əlinə alıb.

Mahnı oxumurlar, sonra deyirlər ki, xalq bizi tanımır. Xalq sizi niyə tanısın axı? Xalq artistlərindən biri gəlsin mənimlə şəhərə çıxaq, görək kimi daha çox tanıyırlar. Dövlət onlara ad, ev verir. O da fikirləşir ki, oxumuşam. Ancaq belə deyil. Allah mənə sağlamlıq versin, ölən günədək oxuyum.

ÇıxışYolu.Com - Baloğlan Əşrəfov: Dedi ki, deputatlardan çox sənə gümanımız var

.

FOTO/VİDEO: Ceyhun Şahbazlı
www.ÇıxışYolu.Com