ÇıxışYolu.Com - Borca görə market sahibini öldürənin məhkəməsi başa çatıb

ÇıxışYolu.Com – Borca görə market sahibini öldürənin məhkəməsi başa çatıb

Baxış sayı: 2. 808 dəfə baxılıb.

ÇıxışYolu.Com - Borca görə market sahibini öldürənin məhkəməsi başa çatıb

Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər sakini Əmrah Əlizadənin (1997-ci il təv.) CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır zərərvurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə məhkum olunmasına dair məhkəmə prosesi başa çatıb.

ÇıxışYolu.Com-ın məlumatına görə, ötən il yanvarın 7-də Bilgəh qəsəbəsindən bir nəfərin bıçaq xəsarətləri ilə 3 saylı şəhər klinik xəstəxanasına daxil olması barədə Sabunçu RPİ-yə məlumat verilib.

Xəsarət almış Hacıbaba Məmmədov (1964-cü il təv.) əməliyyata hazırlandığına görə həkimlər onun dindirilməsinin mümkün olmadığını bildiriblər. Hadisənin baş verdiyi Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsində yerləşən ərzaq malları mağazasına baxış keçirilib.

Dükanda müxtəlif yerlərdə qan ləkələri, həmçinin üç ədəd bıçaqlar aşkar edilib. Faktla bağlı ertəsi gün CM-in 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyalar tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Həmin tarixdə zərərçəkmişə xəsarət yetirmiş Əmrah Əlizadə 14-cü polis bölməsinə gələrək təslim olub.

Yanvarın 11-də, yəni ölümündən əvvəl zərərçəkmiş şəxs qismində dindirilmiş Hacıbaba Məmmədov suallara çətinliklə də olsa, cavab verib. Bildirib ki, ayın 7-də aralarında pulla bağlı mübahisə yaranıb, borcunu qaytaracağını söz verən Əmrah bunun əvəzinə bıçaqla onu vurub.

Bundan sonra heç nə yadında qalmayıb, xəstəxanada özünə gəlib. Hadisə zamanı mağazada ondan və Əmrahdan başqa heç kəs olmayıb. Müəyyən müddətdən sonra zərərçəkmiş xəstəxanadan özəl klinikaların birinə köçürülüb və yanvarın 20-də orada keçinib. Bununla əlaqədar cinayət işi aidiyyəti üzrə prokurorluğa göndərilib.

Məhkəmə-tibb ekspertizasının rəyinə görə, H.Məmmədovun ölümünə deşilmiş-kəsilmiş yara ilə əlaqədar beyin maddəsinə qansızma səbəb olub.

İstintaqla müəyyən edilib ki, Əmrah Əlizadə müxtəlif ərzaq məhsulları aldığına görə Hacıbaba Məmmədova olan 30 manat borcundan 12 manatını qaytarmaq üçün  yanvarın 7-si, saat 23:00 radələrində Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsində yerləşən mağazasına gəlib. Lakin həmin məbləği ödəməsi dükan sahibini qane etməyib və o, Əmrahı təhqir edib.

Buna görə Əmrah cibindən qatlanan bıçağı çıxarıb Hacıbabaya ilk zərbəni vurub, sonuncu kəsici aləti əlindən vurub yerə saldıqdan sonra özü mağazasında olan təsərrüfat təyinatlı bıçaqla onun əynində olan gödəkcənin üst qatını zədələyən dörd ədəd kəsik yetirib.

Qarşılıqlı münaqişə zamanı Əmrah mağazada yerdə olan daha bir bıçağı götürərək onunla Məmmədovun sifətinə və baş nahiyyəsinə zərbələr endirib. Yalnız bundan sonra əlbəyaxa davaları dayanıb.

Əlizadə bıçağı yerə ataraq, mağazanı tərk edib, zərərçəkmiş isə dizi üstə çökərək mağazanın giriş qapısından tutub, hadisə yerinə oğlu və arvadı gələnə kimi bu vəziyyətdə qalıb.

İbtidai araşdırma orqanı Əmrah Əlizadənin əməlini CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə qiymətləndirib. Məhkəmə prosesində Əmrah Əlizadə ittiham üzrə özünü təqsirli bilməyib, zərərçəkmişin hüquqi varisi Gülnarə Məmmədova təqsirləndirilən şəxsə layiqli cəza verilməsini xahiş edib.

Bakı Ağır Cinayətlər Məhkəməsi hesab edib ki, istintaq orqanı təqsirləndirilən şəxsin əməlini düzgün olmayaraq CM-nin 120.2.4-cü maddəsinə tövsif edib. Məhkəmə nəticəyə gəlib ki, Əmrah Əlizadənin əməli yalnız CM-nin 126.3-cü maddəsinə tövsif edilməklə, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin olunmalıdır.  

Məhkəmənin hökmü ilə Ə.Əlizadə doqquz il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti, məhkumun müdafiəçisi və zərərçəkmiş şəxsin hüquqi varisi apellyasiya şikayətləri veriblər.

Bakı Apellyasiya Məhkəməsi işin materiallarını araşdıraraq, protesti və şikayətləri təmin etməyib. Qərara əsasən, hökm dəyişdirilmədən saxlanılıb.

www.ÇıxışYolu.Com