ÇıxışYolu.Com - “Can ağa, sənə qurban olum”

ÇıxışYolu.Com – “Can ağa, sənə qurban olum”

Baxış sayı: 2. 572 dəfə baxılıb.

“Ya Allah, xətadan-bəladan bizi qoru. Ağa, mən nə istəmişəm, mənə vermisən. Can ağa, sənə qurban olum. Sənə minnətdaram…”

Oxuduqca bu sözlərin hansısa romandan çıxarış olduğunu düşünürsünüz? Təəssüf ki, yox, reallıqdır. Bu, Şüvəlanda yerləşən Mir Mövsüm ağa ziyarətgahına gələn yaşlı qadının Ağanın məzarı başında dövrə vuraraq, təkrarladığı sözlərdəndir.

ÇıxışYolu.Com-ın fotoqrafı ilə birlikdə ziyarətgaha daxil oluruq. 

Girişdə əyləşən qadın mənə “örtüksüz içəri daxil olmaq qadağandır”, -deyir. 

Örtüklər içərisindən birini götürdüm və ziyarətgaha daxil oldum. 

Reportaj üçün gedişimiz həftənin cümə gününə təsadüf etmişdi. Ziyarətçilərdən və orada ətrafa nəzarət edən məsul şəxslərdən öyrəndim ki, adi günlərlə müqayisədə cümə günü bura gələnlərin sayı daha çox olur. 

Onlar məhz cümə günü ziyarətə gəlmələrinin səbəbini həmin gün Allahın qapısının açıq olması ilə izah etdilər. 

Qeyd edim ki, ziyarətgahın içərisində şəkil, video çəkməyə icazə verilmir.

Əməkdaşlar bizə bildirdi ki, ziyarətgahın rəhbərliyi Azərbaycanda olmadığı üçün reportaj üçün icazə verilmir. Çəkilişi yalnız üç-dörd gün sonra yenidən buraya gəlməklə edə bilərik. Fotoqrafla birlikdə uzun məsafədən gəldiyimizi və mütləq çəkiliş etməli olduğumuzu izah etdik. 

Nəzarətçi isə bizə cavab olaraq yarım saat gözləməyimizi dedi: 

“Zəhmət olmasa, yarım saat gözləyin. Əgər müdiriyyət icazə versə, çəkiliş apara bilərsiniz”.

Deyilən vaxtdan 15 dəqiqə tez bizi çağıraraq, çəkilişə icazə verildiyini bildirdilər. Onlara təşəkkür edib, reportajımıza başladıq.

ÇıxışYolu.Com - “Can ağa, sənə qurban olum”Nəhayət, ziyarətgahın əsas hissəsinə daxil olduq. Girişdə içərisinə politelin torbalar olan qutular qoyulub. Gələn ziyarətçilər ayaqqabılarını həmin torbalara qoyaraq ya əllərində götürür, ya da orada qoyulan müvafiq rəflərə düzürlər. Hamı kimi, mən də ayaqqabılarımı çıxarıb politelin torbalara qoydum və torbanı əlimdə götürdüm.

Bu zaman nəzarətçi mənə xatırladır ki, girişdə götürdüyüm örtüyü mütləq başıma bağlamalıyam. Səbəbini soruşanda isə “Ağanın hüzuruna örtüksüz girmək olmaz”, – dedilər. Təbii ki, qaydalara riayət edirəm. 

Qadınlarla birlikdə Ağanın məzarı ətrafında dövrə vururuq. İnsanlar müxtəlif dualar edir, niyyət diləyirdilər. Sanki kimisi ucadan etdiyi dualara hamıdan “Amin” deməsini, kimisi isə, sadəcə, ağlayaraq Ağadan kömək umurdu. 

ÇıxışYolu.Com - “Can ağa, sənə qurban olum”

Elə bu zaman Ağanın qəbrinin əhatəyə alındığı dəmirlərin üzərində “Qəbrin üstünə pul atmayın. Günahdır!” yazısı diqqətimi çəkdi.

Qarşımda isə yaşlı bir qadınla nəvəsi qəbrin başına fırlanırdı. Qadın təxminən 5-6 yaşı olan nəvəsinə sakit səslə deyidir:

“Allah babaya dua et ki, günahlarımızdan keçsin”.

Uşaq baxırdı. Yəqin, nə baş veridiyini anlamırdı. Nənəsi isə bu cümlələri ona təkrarladırdı.

Mən də digər ziyarətçilər kimi Ağanın məzarı başına fırlanıram. Hiss edirəm ki, bəzi insanlar qəbir daşının başına fırlansalar da, nəzərləri mənim üzərimdədir.

Qəfildən yaşlı bir qadının pıçıldaması məni fikrimdən ayırır:

“Qızım, bayaqdan sənə fikir verirəm. Artıq üç dəfədən çox fırlanmısan. Burada üç dəfə fırlanmaq kifayətdir. Daha sonra başını məzara söykəyib dua edirsən. Nə istəsən, ondan istə, o, sənin səsini eşidib, dualarını gerçəkləşdirəcək”.

Ziyarətgaha gələn qadınların hamısının dilindən, demək olar ki, eyni dualar, istəklər səslənirdi.

ÇıxışYolu.Com - “Can ağa, sənə qurban olum”

Təəssüf ki, kişilərin dualarını eşidə bilmədim. Çünki burada qadınlar birinci, kişilər isə ikinci mərtəbədə dualar edirlər. Fotoqrafımız kişilər olan hissəni ziyarət edib, şəkillər çəkə bildi. 

ÇıxışYolu.Com - “Can ağa, sənə qurban olum”

Ziyarətgahın həyətinə çıxan zaman qadınlar sevincək halda adamlara konfet paylayırdı. İki nəfər mənə yaxınlaşaraq, buraya gətirdiyi ehsandan verdilər.

Adətən, niyyəti qəbul olan, dərdlərinə çarə tapan ziyarətçilər təkrar bura gələrək ehsan paylayırlar. 

Ehsan paylayan qadından konfet paylamağının səbəbini soruşdum. Bildirdi ki, uzun müddətdən sonra qızının körpəsi olub:

“Qızım 10 ildir ailəlidir. Bir qonşum dedi ki, get, Mir Mövsüm ağanın məzarını ziyarət elə və sidq ürəkdən dua elə ki, qızının övladı olsun. Allah böyükdür. Mən də qızımla buraya ziyarətə gəldim. Nəhayət, iki ildən sonra dualarım qəbul oldu. İndi onun ehsanını paylayıram”.

Ziyarətgahda üç nəzir qutusu yerləşdirilib. Kimin nəziri varsa, həmin qutulara atır. Öyrəndik ki, qutudan yığılan pullardan kasıb ailələrə yardım edilir. Hər ay 1000 ailəyə 10 manat pul, bir kiloqram qənd, konfet və iki kiloqram ət verilir. Hər bir nəzir-niyaz bazar ertəsi ehtiyacı olanlara paylanır. 

Burada ziyarətçilər talassemiyalı xəstələr üçün qan aksiyasına qoşula bilər. Toplanan qan ehtiyatı Mərkəzi Qan Bankında laboratoriyadan keçirilir və yararlı qan neçə-neçə xəstələrin həyatını xilas edir.

ÇıxışYolu.Com - “Can ağa, sənə qurban olum”

Ziyarətgahın həyətində fotoqrafın kişilərin dua etdiyi yerdən şəkil çəkib qayıtmasını gözləyirəm. Bu zaman bir qadın qaça-qaça mənə tərəf gəlir və əlindəki 10 manatı mənə uzadaraq deyir:

– Bəlkə sizdə onluğa xırda olar?

– Xeyr. 

– Kimdən soruşmuşam, xırda pulu yoxdur. Mütləq nəzir qutusuna pul atmalıyam.

Yanımdakı nurani ağsaqqal cibindən xırda pul çıxardı və həmin qadının pulunu xırdaladı…

Öyrəndim ki, ziyarətgaha yalnız Azərbaycanın bölgələrindən deyil, Dağıstan, Almaniya, Fransa, Türkiyə, Gürcüstan və İrandan da gələnlər var. 

Ziyarətgahın aşağı tərəfində qurbanlar kəsilir. Bizə verilən məlumata görə, hər gün burada 150-yə qədər qoyun kəsilir. Qurbanlıqlar ziyarətgahın işçiləri tərəfindən kəsilib-soyulur və polietilen torbalara qoyularaq insanlara paylanılır. Amma biz orada olan zaman qurban kəsilən qoyunlara rast gəlmədik.

ÇıxışYolu.Com - “Can ağa, sənə qurban olum”

Mir Mövsüm ağanın qəbrini ziyarət etdikdən sonra insanlar ziyarətgahın həyətində yerləşən skamyalarda əyləşib dincələ bilər, yaxınlıqdakı su kranında əl-üz yuya və su içə bilər, həmsöhbət olurlar. Burada xüsusi forma geyinən şəxslər ətrafa nəzarət edir.

ÇıxışYolu.Com - “Can ağa, sənə qurban olum”

Qeyd edək ki, Mir Mövsüm ağa 1883-cü ildə Seyid Mir Talib ağanın evində dünyaya gəlib. Onun sağlamlığında məhdudiyyətlər olub. Hələ kiçik yaşlarından həm ailə üzvləri, həm də qohumları onda qeyri-adilik olduğunu iddia ediblər.

Məsələn, onlar iddia ediblər ki, o, başı ağrıyan adama əlini çəkən kimi həmin şəxsin bütün ağrıları keçir. Bu xüsusiyyətlərinə görə ona Mir Mövsüm Ağa deyə müraciət edilib.

O, uzun illər İçərişəhərdə, Firdovsi küçəsi, 3-dəki mənzildə yaşayıb. Sağlığında bu ünvan Mir Mövsüm ağa ziyarətgahı kimi tanınıb. 1950-ci ildə Mir Mövsüm ağa vəfat edib. Hazırda dəfn edildiyi qəbiristanlıq ziyarətgaha çevrilib. 

ÇıxışYolu.Com - “Can ağa, sənə qurban olum”ÇıxışYolu.Com - “Can ağa, sənə qurban olum”ÇıxışYolu.Com - “Can ağa, sənə qurban olum”ÇıxışYolu.Com - “Can ağa, sənə qurban olum”ÇıxışYolu.Com - “Can ağa, sənə qurban olum”

İlhamə Əbülfət 
FOTO/VİDEO: Sadiq Fərzəlibəy
www.ÇıxışYolu.Com