ÇıxışYolu.Com - Çimərlikləri çirkləndirən icarədarlar məsuliyyətə cəlb olunublar

ÇıxışYolu.Com – Çimərlikləri çirkləndirən icarədarlar məsuliyyətə cəlb olunublar

Baxış sayı: 2. 156 dəfə baxılıb.

ÇıxışYolu.Com - Çimərlikləri çirkləndirən icarədarlar məsuliyyətə cəlb olunublar

Ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə Daxili İşlər Nazirliyinin (DİN) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən paytaxtın Binəqədi, Sabunçu və Xəzər rayonlarında birgə reydlər keçirilib.

Bu barədə ÇıxışYolu.Com-a DİN-in mətbuat xidmətindən bildiriblər.

Novxanı qəsəbəsinin ərazisindəki çimərliklərdən başlayan tədbir zamanı çimərlik ərazisində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılmasına görə “Bizim Kəndimiz”, eləcə də, “Sultan” ailəvi istirahət mərkəzlərinin icarədarları – İlqar AllahverdiyevFərahim Möhbalıyev barələrində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinə əsasən protokollar tərtib edilib.

Xəzər dənizinin sahil zolağında, çimərliklərdə və digər istirahət zonalarında sanitar-gigiyena qaydalarına riayət edilməsi ilə bağlı növbəti reyd Sabunçu rayonunun Pirşağı qəsəbəsində keçirilib.

Qanunvericiliyin tələblərinə zidd olaraq dəniz kənarında sənaye və məişət tullantılarının yandırılmasına görə “Palma”, “Günəş”, “Şam Ağacı” restoranlarının icarədarları – Elvin Həsənov, Füzuli Mehdiyev Hüseyn Süleymanov İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən məsuliyyətə cəlb olunublar.

Vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər əsasında analoji tədbir Xəzər rayonu, Mərdəkan qəsəbəsində də həyata keçirilib. Yoxlama zamanı müəyyən edilib ki, qəsəbə ərazisindəki bağlar massivində məişət tullantıları sanitar-gigyena qaydalarına riayət olunmadan yandırılma yolu ilə məhv edilir.

Bu isə ətrafa pis qoxunun yayılması və ekoloji mühitin kobud şəkildə pozulması ilə nəticələnir. Qəsəbə ərazisində məişət tullantılarının daşınmasını təmin etmədiyinə və yandırılmasına görə Mərdəkan Bələdiyyəsinin sədri Mirbaba Hüseynov barəsində də İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən protokol tərtib edilib.

Bu maddəyə əsasən fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilirlər.

Qeyd edək ki, belə tədbirlərin keçirilməsində əsas məqsədlərdən biri də dənizkənarı kafe və restoranlarda, həmçinin qəsəbələrdə tullantıların ətrafa və dənizə atılmasının qarşısını almaqdır.

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən digər aidiyyəti dövlət qurumları ilə bu tipli birgə reydlər və yoxlamalar bundan sonra da davam etdiriləcək.

www.ÇıxışYolu.Com