“Ən yaxşı rejissor” nominasiyası da daxil bir neçə dəfə “Oskar” mükafatına layiq görülmüş polşa əsilli dünya şöhrətli rejissor Roman Polanskinin həyatı da ən az filmləri qədər maraqlıdır.
Belə ki, 2019-cu ilin avqust ayında yayımlanması planlaşdırılan Kuentin Tarantionun “Bir dəfə Hollivudda” filminin ssenarisi də Polanskinin tragik həyatından götürülüb.
ÇıxışYolu.Com tükürpədici detalları ilə Roman Polanskinin həyatını təqdim edir:
Polanskinin film karyerası nə qədər uğurludursa, şəxsi həyatı bir o qədər keşməkeşlidir. Xüsusilə, son illərdə cinsi istismarda günahlandırılması onu ən çox müzakirə edilən şəxsə çevirib. O, daha öncə də cinsi istismara görə iki dəfə günahlandırılıb və həbs cəzası alıb.
İlk ailə faciəsi
Yəhudi əsilli Polanskinin faciəsi 1940-cı ildə bütün ailəsinin faşist düşərgəsinə göndərilməsi ilə başlayıb. Həmin il atası Romanı katolik bir ailəyə əmanət edir və övladının canını bu bəladan qurtarır. Polanski müharibə boyu almanlardan qaçaraq kilsəyə bağlı evlərdə gizlənir. Anası düşərgədə həyatını itirəndən sonra sağ qalan atası ilə yaşamağa başlayır.
O, həmin dövrlərdə dünyanın ən yaxşı kino məktəbi olan “Lodz Kino Məktəbi”ndə rejissorluq təhsili alır. Tələbə həyatı yaşayarkən bir çox qısametrajlı film çəkir və fərqli bir tərzinin olduğunu isbat edir.
Ən böyük uğuru isə “Knife in The Water” (Suyun içində bıçaq) adlı filmlə olur. Bu filmi fərqli edən isə, müharibədən sonra Polşada çəkilən filmlər içərisində müharibədən bəhs etməyən yeganə ekran işi olması idi. Polanski qısa müddət içərisində yüksəlməyə başlayır.
Uğur və ehtiraslı eşq
Berlin Film Festivalında “Gümüş ayı”, “Qızıl ayı” kimi mükafatlar alır. Çəkdiyi filmlər 1968-ci ildə onu bütün dünyada tanıdır. Bu uğurda isə “Rozmarinin körpəsi” filminin böyük payı olur.
Polanski “Qorxusuz vampir ovçuları” filmi üçün aktrisa axtararkən getdiyi gecə klublarının birində Şeron Teytlə tanış olur. Şeron təkcə rolun sahibi yox, Romanın da qəlbinin sahibi olur.
Sevgili olan cütlük maqazin jurnalistlərinin və İngilis mətbuatının diqqət mərkəzində olur. “Playboy” dərgisi 67-ci ili “Şeron Teyt ili” elan edir.
1968-ci ildə evlənən cütlük Polanskinin Londondakı evinə köçür. Ər-arvad sənətçilərdən ibarət olan dostları ilə bu şəhərdə çox yaxşı vaxt keçirir və xoşbəxt həyat sürürdülər.
Eyni ilin sonunda Şeron hamilə qalır və 1969-cu ilin iyulunda Amerikaya geri qayıdır. Polanski isə 12 avqustda həyat yoldaşının yanına getməyi planlaşdırırdı. Hesablamaya görə, körpə həmin günlərdə dünyaya gələcəkdi.
Gözlənilməyən faciə
9 avqust gecəsi Şeron yaxın dostları ilə şam yeməyindən sonra Beverli Hillsdə yerləşən evə gəlirlər. Onunla evə gələnlər Hollivudun məşhur saç ustası Cey Sebrinq, “Folqer qəhvələri”nin sahibinin qızı Eybiceyl Folqer və onun dostu akyor Voytek Frikovski idi.
Səhəri gün evə gələn xidmətçinin gördüyü mənzərə çox qorxunc idi: Hər yer – xalılar, əşyalar, kreslolar və divarlar qan içində idi. Ən narahatedici mənzərə isə sonradan Şeron Teytə aid olduğu isbat olunan qanla divara yazılmış “Donuz” sözü idi.
Tükürpədici cinayət
Qonaqlar tapança ilə öldürülmüşdü, ancaq bədənlərində bıçaq zədələri var idi. Şerona 16 bıçaq vurulmuşdu. Boynuna uzun bir ip də bağlanmışdı. Sebrinq isə tapança ilə öldürülmüşdü. Folqer isə 51 dəfə bıçaqlanmışdı.
Frikovsi həm bıçaqlanmış, həm də ağır bir əşya ilə vurularaq qətl edilmişdi. Folqer və Frikovskinin cəsədləri həyətdə idi. Bu da onların qaçmağa çalışarkən öldürüldüklərini göstərirdi. Evin bütün alarm və telefon xəttləri kəsilmişdi.
Faciənin gətirdiyi psixoloji çöküntü
Cinayətlər Roman Polanskiyə böyük bir psixoloji çöküntü yaşadır. Qatillər yaxalananadək paranoyak bir halda yaşayır. İllər sonra yazdığı bioqrafiyasında Teytin ölümü baş verəndən sonra heç bir dini inancının qalmadığını bildirir. Həmin vaxt başına gələn ən yaxşı şey isə Londonda olması idi.
Qatillər və cinayətdən zövq alan psixopatlar
Bir müddət sonra maşın oğurluğu səbəbilə həbs olunan bir qadın Şeron Teyt cinayətilə bağlı həbsxana yoldaşlarına bəzi şeylər danışır və bununla fəxr edir.
Suzan Atkins adlı bu qadının ifadəsi alınır və cinayətin bir dini təriqətə aid olduğu üzə çıxır. Suzan da bu təriqətin üzvü idi və Hillsdəki cinayəti bütün çılpaqlığı ilə bilirdi. Şeronu və qarnındakı körpəni öldürən o idi. Cinayəti dörd nəfərlə birgə işləmişdi. Qruplaşmanın sahibi isə Çarlz Menson adlı bir psixopat idi.
Cinsi istismar və ölkədən qaçış
Polanskinin həyatı get-gedə daha da pisləşirdi. Həyat yoldaşının ölümündən sonra rejissorluğa fasilə verən Roman 1974-cü ildə “Çin məhəlləsi” filmi ilə ekranlara geri dönür. Ancaq 1977-ci ildə 13 yaşlı bir qızla cinsi əlaqəyə girdiyinə görə haqqında həbs qərarı çıxır. Bundan sonra Amerikadan qaçan Polanski Parisə köçür və Fransa vətəndaşı olur.
Fransanın uğuru və başgicəlləndirici mükafatlar
1979-cu ildə baş rolunda Nastassja Kinskinin oynadığı “Tess” adlı 3 saatdan artıq olan böyük büdcəli filmi Polanskiyə 3 “Oskar” və bir çox mükafat qazandırır.
2002-ci ildə öz həyatınən motivlərindən istifadə edərək “Pianoçu” filmi ilə 3 “Oskar”, 2 BAFTA və “Palm Dor” mükafatlarını qazanır. Amerikaya girişinə qadağa qoyulduğu üçün “Ən yaxşı rejissor” mükafatını onun əvəzinə Herrison Ford alır.
2019-cu ildə “Bir dəfə Hollivudda” filmində isə 1969-cu ilin yayında Los Ancelesdə hit bir serialda oynayan aktyorun film sektoruna girmək istəyi və Şeron Teytlə dörd dostunun Çarlz Mensonun müridləri tərəfindən həyata keçirilən qorxunc cinayətə qurban getməsindən bəhs edir.