ÇıxışYolu.Com son zamanlarda hitləri ilə türk pop musiqisinin önə çıxan adlarından biri, müğənni Edisin “Basedİstanbul” dərgisinə müsahibəsini təqdim edir:
– Musiqi, rəqs və aktyorluq. Bunların hamısına olan marağın bizi hekayənin əvvəlinə aparır. Necə bir uşaq idin?
– Çox sosial idim. Evdə oturmurdum, davamlı olaraq nələrisə öyrənmək üçün kurslara gedirdim.
– Böyüdüyün evdə hansı musiqilər dinlənilirdi?
– Türkcə pop, Türk sənət musiqisi və xarici rok. Sezen Aksu, Dip Pörpl, Pink Floyd, Sibel Can, Tarkan və Şebnem Ferah ən sevilənlər arasında idi. Mən də hamısını sevirdim, ancaq musiqi zövqüm mənə dayımdan keçib.
O, hip-hop və repin yüksəldiyi zamanlarda yeniyetmə idi, mən isə uşaq idim. Evdə səhərdən axşamadək musiqiyə qulaq asırdıq.
– İlk mahnını 10 yaşında yazmısan. Bu mahnıya birinci dəfə kim qulaq asıb?
– Türk dili müəllimim və sevgilim. Ona aşiq olduğumu düşünürdüm. Müəllimimdən icazə alıb, üzünə baxa-baxa mahnını oxumuşdum. Yadıma düşəndə gülürəm. Nə komik və nə gözəl xatirələrdir. Yaxşı ki, sinifdə mahnıma yaxşı reaksiya vermişdilər.
– Həmin dönəmlərdə yazdığın və bizim eşitdiyimiz bir mahnın var?
– Albomumda yeniyetməlik zamanlarında yazdığım “Eyvallah” adlı mahnı var. Liseydən olan dostlarım qulaq asandan sonra “bu, o mahnıdır”, – deyə mesaj yazırlar.
– Zamanla mahnılarınla olan əlaqən dəyişir? “Benim ol”a indi qulaq asarkən ilk dinlədiyin hisslərinlə indiki hisslərin arasında necə bir fərq var?
– “Benim ol” indi mənə böyük bir dönəmi xatırladır. Sanki ən sevdiyim köhnə sevgilimdir, ya da uzaqlara köçmüş dostumdur. İlk dəfə stressdən eşitmədiyim bir mahnı idi.
Hər dəqiqə “yaxşıdır, yoxsa pisdir”, – deyə tənqid etdiyim, bütün naşı yüklərimi çəkmiş mahnımdır. O, mənim şansım oldu.
– Ehtiras sənin üçün hansı mənanı daşıyır?
– Mənim üçün eşq ehtirasla birləşəndə eşq sayılır. Sevgi mənə yetmir, məni doyurmur, ehtiras lazımdır. İki nəfərin münasibətindən söhbət getmir, rəqs də, musiqi də mənim ehtirasımdır. Səhnə isə eşq kimidir.
– “Başqalarının həyatına qarışmıram və onları tənqid etmədən yaşayıram” deyirsən. İşinlə bağlı olaraq bu anlayışın əksi ilə qarşılaşırsan. Bununla necə mübarizə aparırsan?
– Mübarizə apara bildiyimi düşünmürəm. Mövzu sənətlə bağlıdır, ancaq tənqid edən bir sənətsevər deyilsə, mən də bəzən əsəbiləşirəm. Amma bunlar da olmamalıdır. Yenə də gerçək bir sənətsevər olmağın müəyyən məsuliyyəti var. Çəkdiyin kliplərdən fotolarına qədər bir hekayə, bir kompozisiya təqdim edirsən.
Qarşı tərəfdən böyük bir gözlənti ilə etdiklərinin kəşf olunmağını gözləyirsən. Amma onun dünyadan xəbəri yoxdur, “bu filan şeyə bənzəyir” deyib, yola verir. Bizə də qəbul eləmək və ən önəmlisi, onların arasındakı ən dəyərli şəxsləri tapmaq qalır. Sonra kütlən, dostların və mediadakı dostlarınla öz sistemini qurursan.
– “Anı yaşamaq” deyə bir hiss var. Bunu ən çox nə vaxt edə bilirsən?
– Mən anı ən çox eşqdə yaşayıram. Aşiq olarkən başqa bir günü hesablamıram. “An” mahnımı da həyatımın ən böyük sevgisinə yazmışam.