ÇıxışYolu.Com – Eyyub Əliyev: Rəqiblər üçün sürpriz komandayıq

Baxış sayı: 4. 332 dəfə baxılıb.

ÇıxışYolu.Com - Eyyub Əliyev: Rəqiblər üçün sürpriz komandayıq

Alfa Liqa artıq sona yaxınlaşmaqdadır. Yarımfinala qalan dörd komanda bu bazar finala vəsiqə qazanmaq uğrunda son oyunlarına çıxacaqlar. Onlardan LSS ilə ötən müsahibəmizdə tanış olmuşduq.

ÇıxışYolu.Com bu dəfə sizləri “Sirena Motors” komandası ilə tanış edəcək. Həmsöhbətimiz eyniadlı şirkətin marketinq departamentinin rəhbəri Eyyub Əliyevdir.

– Eyyub bəy, “Sirena Motorsla” bağlı məlumat verərdiniz.

– “Sirena Motors” 2013-cü ilin sentyabrından fəaliyyətə başlayıb. Çinin dörd iri avtomobil şirkətinin ölkəmizdəki rəsmi distribüteriyik. “Sirena Motors”un Bakıda dörd satış, bir servis mərkəzi, Gəncə və Lənkəranda isə bir satış və bir servis mərkəzi fəaliyyət göstərir.

– Alfa Liqadan necə xəbər tutdunuz?

– Biz həmin ərəfədə başqa bir həvəskar turnirdə çıxış edirdik. Orada da yaxşı nəticə göstərirdik. Həmin ərəfədə həm şirkətin əməkdaşı, həm də komandamızın kapitanı olan Əlisalam Həmidov gəlib dedi ki, Alfa Liqa adlı çempionat olacaq, bəlkə, qoşulaq? Rəhbərliklə məsləhətləşdik və qeydiyyatdan keçməyə qərar verdik.

– Qoşulduğunuz Alfa Liqada hansı fərqliliklərin şahidi oldunuz?

– İlk növbədə çempionatın keçirildiyi stadionların tribunalarının olmasını qeyd edərdim. Azarkeşlərin oyunu rahat izləməsi üçün bu, çox müsbət məqamdır. Misal üçün, digər turnirlərin keçirildiyi meydançalarda belə əlverişli şərait yoxdur.

– İlk turda LSS-ə məğlub olduqda düşünürdünüzmü ki, yarımfinala qədər gələ biləcəksiniz?

– Çempionatın əvvəlində biz paralel olaraq digər turnirdə də çıxış edirdik. Həftənin əvvəli başqa liqada, həftəsonu isə Alfa Liqada oyunlara çıxırdıq. Həm də ilk oyun olduğu üçün bir az ağır oldu. Hətta oyunçularda az qala ruh düşkünlüyü yaranmaqda idi.

Düşünürdülər ki, komanda yüklənəcək və uğurlu nəticə qazana bilməyəcəyik. Lakin rəhbərlik onlarla danışıb inandıra bildi ki, uğurlu nəticə qazanmaq potensialımız var. Komandanı növbəti oyunlara kökləyib qrupdan çıxmaq vəzifəsinin öhdəsindən gəldik. İndi isə artıq 1/2 finaldayıq.

– Artıq əksər həvəskar futbolçular da peşəkar futbolçular kimi oyunun qarşılığında müəyyən məbləğlər qazanır. Sizin komandanızda belə oyunçular var?

– Komandamızdakı uşaqların böyük əkrəsiyyəti elə “Sirena Motors”un əməkdaşlarıdır. Şirkətdən maaş alırlar. Əlavə olaraq onlarda motivasiya yaratmaq üçün hər uğurlu oyuna görə mükafatlar verilir.

Axı imkan varsa, niyə də əməkdaşlarımıza əlavə bonuslar verməyək? Həm də işçilərimizin sağlam həyat sürmələri, pis vərdişlərdən qorunmaları üçün minifutbol oynamaları, idmanla məşğul olmaları məqsədəuyğundur.  

– Qarşıda yarımfinal oyununuz var. Bu mərhələyə qədər ən çətin oyununuz hansı rəqibə qarşı oldu? Yeri gəlmişkən, finalın bir addımlığındakı rəqibiniz KATV1 çempionatın sürpriz komandasıdır…

– Ən çətin oyunumuz LSS ilə qarşılaşma oldu. Fikrimcə, həmişə ilk oyun çətin və ağır keçir. O ki qaldı yarımfinaldakı rəqibimizə, mən onlara uğurlar arzulayıram. Amma deyim ki, elə biz özümüz də sürpriz komandayıq (gülür). Başqa şirkətlərin bir neçə ildir formalaşan komandaları olduğu halda, bizim kollektiv bir ildən də az vaxtdır ki, bir yerdədir. 

– Finala çıxacağınız təqdirdə rəqib qismində LSS – “Peçat Dönər” cütündən hansı komanda ilə qarşılaşmaq istərdiniz?

– Bəlkə də, komandamızın oyunçuları istəyər ki, finalda LSS ilə düşüb ilk turdakı məğlubiyyətin əvəzini çıxsınlar. Lakin mən istəyərdim ki, “Peçat Dönər”lə görüşək. Çox yaxşı, sağlam komandadır. LSS ilə artıq bir dəfə oynamışıq. “Peçat Dönər” ilə oynamaq şəxsən mənim üçün maraqlı olardı. Lakin kim finala çıxsa, deməli, o, daha layiqli komandadır.

– Komandanızın oyunçuları ən məhsuldar oyunçular siyahısına başçılıq edirlər. Xüsusilə Əlisalam Həmidovla Elvin Bayramov bombardirlər yarışında şərikli liderdir. Hansı oyunçunuzun fərdi şəkildə mükafat qazanmasını istəyərdiniz?

– Komandamızın hər bir oyunçusu bizim üçün doğmadır, əzizdir. Lakin həyatda Əlisalamla həm də dost olduğumuz üçün istərdim ki, məhz o, bombardir olsun. Dörd ildir ki, onunla bir yerdə işləyirəm. Onda olan həvəs, qələbə əzmi, futbol sevgisi, bəlkə də, bir çox peşəkar futbolçumuzda yoxdur.

– Payızda start götürəcək növbəti Alfa Liqada komandanız yenidən mübarizəyə qoşulacaqmı?

– Artıq indidən şirkət rəhbərliyi komandamızın növbəti Alfa Liqadakı iştirakına razılıq verib. İnşallah, payızdakı çempionatda da “Sirena Motors”u iştirakçı komandalar sırasında görə biləcəksiniz.

S.M.
www.ÇıxışYolu.Com