Xəbər verdiyimiz kimi, qadın karate millimizin baş məşqçisi Anar Allahverdiyev İsveçrənin Bazel şəhərində keçirilmiş beynəlxalq turnirə aparılmayıb.
41 yaşlı məşqçi ÇıxışYolu.Com-a verdiyi açıqlamasında bunu təsdiqləyib.
O bildirib ki, Almaniyanın paytaxtı Berlində bu ay keçiriləcək Premyer Liqa yarışına da aparılmayacaq:
“İsveçrəyə aparılmamağım viza ilə bağlı deyil. Bu, yəqin ki, maliyyə vəziyyəti ilə əlaqədardır. Berlindəki yarışa da federasiya xətti ilə getməyəcəyəm. Öz hesabıma ora getməyə çalışacağam. Maraqlanmışam. Berlinə gedib-qayıtmaq təxminən 1000 manat təyyarə pulu edir. Üstəlik, bunun hotel, qidalanma xərcləri də var.
Berlindəki Premyer Liqa 2020-ci ildəki Olimpiadaya ilk reytinq balları verəcək. Nəinki Berlində keçiriləcək yarış, hətta A seriyalı turnirlər, dünya və qitə çempionatı da Olimpiya Oyunlarına lisenziya balları verir. Bu yarışlarda karateçinin qazandığı qələbələr idmançının aktivinə yazılır. Üstəlik, idmançılarla birgə olmamağım onlara psixoloji, taktiki yöndə problemlər yaradır. Buna görə belə yarışlarda onlarla birgə olmamağım gələcək yarışlarda çıxışımıza xələl gətirə bilər”.
Qeyd edək ki, Premyer Liqa yarışları sentyabrın 14-16-da baş tutacaq. Komanda sentyabrın 12-də hazırda təlim-məşq toplanışında olduğu İsveçrədən oraya yola düşəcək.
15:43
Xəbər verdiyimiz kimi, Azərbaycanın kişi və qadın karate milliləri sentyabrın 1-2-də İsveçrənin Bazel şəhərində keçirilmiş IX Masters Open turnirində iştirak ediblər.
ÇıxışYolu.Com xəbər verir ki, Mərkəzi Avropa dövlətinə qadın millimiz dörd idmançı ilə yola düşüb.
Lakin komanda oraya baş məşqçisiz gedib.
Belə ki, əldə etdiyimiz məlumata görə, yığmanın baş məşqçisi Anar Allahverdiyevə bu tarixə Şengen vizası alınmayıb.
Ümumiyyətlə, federasiya bu məşqçiyə viza alınmasını məsləhət bilməyib. Qadın yığmasını isə İsveçrədə kişi millimizin baş məşqçisi Şahin Xudaverdiyev podium üzərinə çıxarıb.
Qeyd edək ki, Anar Allahverdiyev həmçinin yeniyetmə yığmamızın baş məşqçisi və beynəlxalq dərəcəli hakimdir.
Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com