Əziz oxucular, bildiyimiz kimi, 3 iyul tarixində Azərbaycanda Gəncə şəhərinin İcra Hakimiyyətinin rəhbəri Elmar Vəliyev və onun mühafizəçisi silahlı hücuma məruz qalıb.
1983-cü il təvəllüdlü, Gəncə şəhərində anadan olmuş Yunis Səfərovun açdığı atəş nəticəsində icra başçısı və onun mühafizəçisi yaralanaraq, xəstəxanaya yerləşdirilib.
Baş vermiş hadisə barədə ilk məlumatı Azərbaycan oxucularına məhz ÇıxışYolu.Com xəbər portalı çatdırıb.
Hadisənin əhəmiyyətini nəzərə alaraq, ÇıxışYolu.Com bu insidenti izləyərək, oxucularını yeni faktlar barədə məlumatlandırıb, bu zaman jurnalistika prinsiplərini rəhbər tutaraq, təqdim etdiyi faktlar bir neçə mənbədən yoxlanılıb.
Bu yenilənmələr zamanı ÇıxışYolu.Com həm öz mənbələri, həm də böyük informasiya agentliklərinin məlumatlarına istinad edib.
Belə istinadlardan biri Report İnformasiya Agentliyinin yaydığı, icra başçısı Elmar Vəliyevin aldığı yaradan vəfat etdiyi barədə məlumat olub.
Lakin sonradan Report İnformasiya Agentliyi E. Vəliyevin ölümü haqqında məlumatın həqiqətə uyğun olmadığı üçün report.az elektron ünvanından silib, həmin portalın adına və gücünə etibar edərək, belə bir yalanın yayılmasında iştirak etmiş digər xəbər portalları da məlumatı veb-səhifələrdən çıxarıblar.
ÇıxışYolu.Com xəbər portalı olaraq, yaranmış vəziyyətə, Report.Az İnformasiya Agentliyinə istinadən yayılmış yanlış məlumata görə, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevdən və onun doğmalarından üzr istəyir, Allahdan tezliklə şəfa tapmasını diləyirik.
ÇıxışYolu.Com xəbər portalının redaksiyası