İranın cənub-şərq əyalətini əhatə edən toz fırtınasının Azərbaycana təsiri gözlənilmir.
Bu barədə ÇıxışYolu.Com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva bildirib.
“Peyk məlumatların və sinoptik xəritələrin təhlilinə görə hazırda ölkə ərazisi üzərində troposferin aşağı və orta təbəqələrində hava kütlələrinin qərb və şimal-qərb axınları bərqarar olub. Belə sinoptik şəraitin yaxın iki gün ərzində davam edəcəyi proqnozlaşdırılır. Buna görə də toz fırtınası ölkəmizə təsir etməyəcək”, – deyə o bildirib.
U.Tağıyeva qeyd edib ki, adətən, toz fırtınalarının davamiyyəti dörd gündən artıq olmur və İranın cənubunda onların təkrarlanması, əsasən, sentyabrdan aprelə qədər müşahidə olunur:
“Toz fırtınasının baş verməsi üçün ən əlverişli ərazi Fars körfəzi ilə bitişik düzənlik ərazilərdir. Buna termobarik şərait, güclü külək və torpağın vəziyyəti təsir edir”.