Sahibsiz heyvanlarla bağlı şikayət daxil olan rayonların adları açıqlanıb.
Bunu ÇıxışYolu.Com-a Bakı Şəhər İcra Hakimiyyəti Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsinin rəisi Mübariz Hüseynov bildirib.
Onun sözlərinə görə, bir çox rayonlardan sahibsiz itlərlə bağlı quruma şikayət daxil olur:
“Səbail, Binəqədi, Bağlar massivi deyilən ərazidə yaşayan insanlar bizə küçə itləri ilə bağlı şikayət edirlər. Həmin itlər əməkdaşlarımız tərəfindən toplanır. Xüsusi saxlama məntəqəmiz var ki, heyvanları ora gətiririk. Onlara quduzluğa qarşı iynə vurulur, dərmanlanır və yenidən küçələrə buraxılır”.
Mübariz Hüseynov bildirib ki, artıq sahibsiz küçə itlərinə qarşı mübarizə ilə bağlı keyidici iynələrdən istifadə ediləcək:
“Qurum tərəfindən verilən təklifə baxılıb. Məsələ barədə keçirilən tenderin qalibi artıq məlum olub. Yaxın günlərdə itlər üçün keyidici iynələr gətiriləcək. Həmin iynələrdən itləri tutmaq üçün ondan istifadə ediləcək. İynə güllə ilə itə vurulacaq və iti keyidəcək. Çünki bu halda iti tutmaq daha asan olur”.
İdarənin rəisi qeyd edib ki, 2018-ci ilin altı ayı ərzində 300-dən çox it tutulduqdan sonra iynə vurulub, dərmanlanıb və yenidən şəhərə buraxılıb. Onların öldürülməsi birmənalı şəkildə qadağandır.
Qeyd edək ki, əvvəllər küçələrdəki sahibsiz itlər güllələnirdi. Bununla da onların insanlara zərər verməsinin qarşısı alınırdı. Sonradan bu proses dayandı və küçələrdə sahibsiz itlərin sayı çoxalmağa, bununla da şikayətlər artmağa başladı.
İlhamə Əbülfət
www.ÇıxışYolu.Com