Kürdəmirdə oğlunu öldürməkdə təqsirləndirilən ögey ata barəsində həbs-qətimkan tədbiri seçilib.
Baş Prokurorluğun mətbuat ximdətindən ÇıxışYolu.Com-a verilən məlumata görə, iyulun 21-də 2013-cü il təvəllüdlü Yaqubov Murad Bayraməli oğlunun çoxsaylı bədən xəsarətləri alması nəticəsində vəfat etməsi faktına görə Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İstintaq zamanı Kürdəmir rayonunun Muradxan kənd sakini, 1974-ci il təvəllüdlü Abdullayev Abdulla İnqilab oğlunun həmin kəndin qış otlaq sahəsində yerləşən fermada qeyri-rəsmi ailə münasibətlərində yaşadığı Sevanə Yaqubovanın azyaşlı oğlu Murad Yaqubova 2018-ci il iyunun 26-dan iyulun 21-dək heç bir əsaslı səbəb olmadan anasının gözləri qarşısında xüsusi amansızlıqla və qəddarlıq nümayiş etdirib mütəmadi olaraq qəsdən bədəninin müxtəlif nahiyələrinə çomaqla vurmasına, eləcə də əlləri ilə döyməklə həyat və sağlamlığı üçün təhlükəli olan çoxsaylı bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Aldığı çoxsaylı bədən xəsarətləri nəticəsində M.Yaqubov iyulun 21-də vəfat edib.
Cinayət işi üzrə A. Abdullayev təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilib və məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
12.15
Daxili İşlər Nazirliyi ögey atanın beş yaşlı uşağı öldürməsi faktı ilə bağlı məlumat yayıb.
DİN-dən ÇıxışYolu.Com-a verilən məlumata görə, Kürdəmir rayonunun Pirili kəndi ərazisindəki fermaların birində iyulun 16-da 5 yaşlı Murad Bayramovun atdan yıxılması, aldığı xəsarət nəticəsində iyulun 21-də öldüyü barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq və əməliyyat tədbirləri nəticəsində uşağın ögey atası, fermada yaşayan və işləyən, əvvəllər məhkum olunmuş Abdulla Abdullayev tərəfindən iyulun 16-da ağac parçası ilə döyülməsi və aldığı xəsarətlərdən ölməsi müəyyən edilib.
Görülmüş tədbirlərlə A.Abdullayev tutulub.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
22 iyul, 16:30
Kürdəmirdə fermada bədbəxt hadisə baş verib.
ÇıxışYolu.Com-ın APA-ya istinadən xəbərinə görə, Kürdəmir rayon sakini, 2013-cü il təvəllüdlü Murad Bayraməli oğlu Yaqubov yüksək qızdırma nəticəsində ölüb.
M.Yaqubovun anası Sevanə Böyükağa qızı Yaqubova uşağın ölümünə günahkarın qeyri-rəsmi yaşadığı ikinci əri, Kürdəmir rayon Muradaxan kənd sakini Abdulla İnqilab oğlu Abdullayev olduğunu bildirib. S.Yaqubova övladı, 2013-cü il təvəllüdlü Murad Bayraməli oğlu Yaqubov ilə Tovuz rayonundan Kürdəmir rayonuna gəlib və A.Abdullayevlə qeyri-rəsmi yaşamağa başlayıb. Uşağın dəcəl olması ögey atanın ona olan münasibətini kəskin şəkildə dəyişib.
Ögey ata A.Abdullayev müxtəlif vaxtlarda uşağa zor tətbiq etməyə başlayıb və ona küt alətlə mütəmadi xəsarətlər yetirib. Bir neçə gün əvvəl fermada Muradın qızdırması qalxıb və ötən gün o, dünyasını dəyişir.
Uşağın anası Sevanə Yaqubovanın dəfələrlə uşağı həkimə aparmaq lazım olduğunu bildirsə də, ögey ata hər dəfə ona etiraz edib, uşağın müalicə və müayinəsinə imkan verməyib.
Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3 cü maddəsi ilə cinayət işi açılıb. A. Abdullayev şübhəli şəxs qismində saxlanılıb.