ÇıxışYolu.Com - Məhkəmə general oğluna güzəştə getmədi

ÇıxışYolu.Com – Məhkəmə general oğluna güzəştə getmədi

Baxış sayı: 2. 959 dəfə baxılıb.

Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər sakinləri Rüstəm Orucovun, Kənan Vəliyevin və Pərviz Abbasovun CM-nin 221.2.1-ci (xuliqanlıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə apellyasiya şikayətləri üzrə məhkəmə prosesi başa çatıb.

ÇıxışYolu.Com-ın məlumatına görə, ötən il iyulun 3-də Rüstəm Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi BMW markalı avtomobillə yol hərəkəti qaydalarını pozub.

Marşrut avtobusunun sürücüsü Sənan Səmədov ona iradını bildirdiyi üçün avtobusu səkkiz dayanacaq təqib edərək, sərnişinlərin rahatlığını pozub və onları vahiməyə salıb.

Vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək, xuliqanlıq edib. Fakta görə Binəqədi RPİ İstintaq şöbəsində cinayət işi başlanılıb.

Məlum olub ki, Rüstəm Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib və hadisə yerindən qaçdığına görə hələ 2014-cü ildə dörd il müddətinə azadlıqdan məhrum olub. Lakin iki ildən sonra şərti olaraq vaxtından əvvəl azadlığa çıxıb. 

Qeyd edək ki, Rüstəm Orucov Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsində işləmiş general-mayor Novruzəli Orucovun oğludur. Novruzəli Orucov bu hadisədən sonra prezident İlham Əliyevin sərəncamı ilə tutduğu vəzifədən azad edilib.

Binəqədi rayon məhkəməsinin hökmü ilə R.Orucov 4 il 6 ay, P.Abbasov və K.Vəliyev hər biri 1 il 6 ay olmaqla, azadlıqdan məhrum olunublar. Sonuncular iclas zalında həbs ediliblər.

Hökmdən məhkumlar apellyasiya şikayətləri veriblər.

Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq, onların şikayətlərini təmin etməyib və hökmü dəyişdirilmədən saxlayıb.

www.ÇıxışYolu.Com