Bakı Ağır Cinayətlər Məhkəməsində Sahib Həşimov (1988-ci il təv.), Qurbanqulu Hüseynov (1985-ci il təv.) və Seymur Hüseynovun (1995-ci il təv.) CM-nin 181.2.1 (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 181.3.3-cü (quldurluq, zərərçəkmişin sağlamlığına ağır zərər vurmaqla törədildikdə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.
ÇıxışYolu.Com-ın məlumatına görə, bu il aprelin 20-də Maştağa qəsəbə sakini Nəcəfəli Ağayevin (1960-cı il təv.) evinə daxil olan üç maskalı şəxs, onu və arvadı Məsməxanımı bıçaq və dəyənəklə hədələyib, pul və qızıl əşyalar vermələrini tələb ediblər.
İstədiklərinə nail ola bilmədikdə isə N.Ağayevi döyüb, habelə ayaq nahiyəsinə bıçaqla xəsarət yetirərək, hadisə yerindən qaçıblar.
Həmin gün Sabunçu RPİ 42-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş Sahib Həşimov, Qurbanqulu Hüseynov və Seymur Hüseynov saxlanılıblar. Onlardan maddi sübut olaraq ip, əlcək, idman taxtaları və bıçaq götürülüb.
Hazırlıq iclasında təqsirləndirilən şəxslərin vəkilləri cinayət işi ilə tanış olmadıqlarını bildirərək, məhkəmədən vaxt istəyiblər.
Proses avqustun 6-dək təxirə salınıb.