Bu gün ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin kollegiya iclası keçirilib.
ÇıxışYolu.Com xəbər verir ki, kollegiyada Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında və enerji sistemindəki vəziyyətlə əlaqədar keçirdiyi müşavirədə verdiyi tapşırıqlarla bağlı ədliyyə orqanlarının üzərinə düşən vəzifələr müzakirə olunub.
İqtisadi inkişafa mane olan korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, fəaliyyətdə şəffaflığın artırılması, habelə büdcə vəsaitlərindən qənaətlə istifadə edilməsi, izafi xərclərin qarşısının alınması üzrə konkret tapşırıqlar verilib.
İclasda həmçinin, ölkənin enerji sistemində baş vermiş fövqəladə hadisə ilə əlaqədar dövlət başçısının göstərişləri diqqətə çatdırılıb.
Kollegiyada ədliyyə orqanlarının işinin, o cümlədən elektron sistemlərin, reyestrlərin və digər informasiya resurslarının, probasiya xidmətinin elektron monitorinq mərkəzinin, xüsusi mühafizə olunan müəssisə və qurğuların, video-müşahidə kameralarının fasiləsiz fəaliyyətinin təmin olunması üzrə tədbirlərə dair əlavə tapşırıqlar verilib.
Həmçinin mülki müdafiə və mühafizə tədbirlərinin, məsul növbətçiliyin təkmilləşdirilməsi, texniki avadanlıqların, habelə ehtiyat enerji mənbələrinin və zəruri rabitə vasitələrinin işlək vəziyyətdə saxlanılması, müasir generatorların quraşdırılması ilə bağlı və digər konkret tədbirlər müəyyən olunub.