Gələn həftə UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunlarına start veriləcək.
ÇıxışYolu.Com xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” Belarusun BATE klubu ilə ilk oyununa çıxacaq.
Avqustun 7-də, saat 21:00-da başlayacaq görüşdə “Qarabağ” Belarusa daha rahat getmək üçün qələbə qazanmağa çalışacaq. Bəs, görək, klubumuzun mərhələ keçmək şansları necə görünür?
“Qarabağ” və BATE-ni birləşdirən ortaq cəhətlər
Əvvəla, onu bildirək ki, bu iki klub ölkələrində paytaxt təmsilçisi sayılmır. Biri çox hissəsi ermənilər tərəfindən işğal altında olan Ağdamı, digəri çoxlarının yaxşı tanımadığı Borisovu təmsil edir. Halbuki postsovet ölkələrində daha çox nəticə verən komandalar (Donetsk “Şaxtyor”u və Tiraspol “Şerif”i də bu sıraya aiddir – S.M.) paytaxt komandaları olub.
Düzdür, BATE-nin ölkəsindəki nailiyyətləri “Qarabağ”dan daha çoxdur. Belə ki, Borisov klubu 14 dəfə Belarus çempionu olub, üç dəfə ölkə kubokunu qazanıb. Ağdam təmsilçisi bu göstəricidə yalnız kubokda rəqibini üstələyir.
“Köhlən atlar” altı dəfə bu titulu qazanıb. Ancaq ölkə çempionluğu sayında müqayisə yersiz olar. “Qarabağ” cəmi altı dəfə Azərbaycanın ən güclüsü ola bilib. Hələ biz BATE-nin yeddiqat Belarus Superkubokunu başı üzərinə qaldırmasını demirik (Azərbaycanda bu turnir müntəzəm keçirilmədiyindən, “Qarabağ” bu titulu cəmi bir dəfə qazanıb – S.M.).
Sadəcə, bu cəhətdən oxşarlıq ondan ibarətdir ki, bu komandalar ölkələrində dəyişməz çempion adını artıq əldə ediblər. Hər iki ölkənin ən çox büdcəyə malik olan klubları ardıcıl olaraq çempionluq zirvəsini heç bir rəqibinə qapdırmaq fikrində deyillər. Bunun nəticəsidir ki, BATE 2006-cı ildən arıdıcıl 12, “Qarabağ” isə 2013/2014 mövsümündən ardıcıl altı dəfə ölkə çempionu olur.
Hər iki komandanın daha bir oxşar cəhəti UEFA-nın mötəbər yarışlarının qrup mərhələsində iştirak etmək təcrübəsinin olmasıdır. BATE yenə bu göstəricidə “Qarabağ”dan üstündür. BATE artıq 2008/2009 mövsümündən Çempionlar Liqasının qrupunda çıxış etməyə başlayıb. Bundan başqa, 2011/2012, 2012/2013, 2014/2015, 2015/2016 mövsümlərində də bu komanda Avropanın ən güclü turnirinin qrupuna vəsiqə qazanıb.
Belarusluların üç dəfə Avropa Liqasının qrupunda çıxış təcrübələri var. “Qarabağ” isə bir dəfə Çempionlar Liqasının, üç dəfə Avroliqanın qrupunda mübarizə aparıb.
BATE əvvəlki BATE deyil
Hər iki klub əvvəlki illərlə müqayisədə çox dəyişib. BATE ardıcıl iki mövsümdür ki, Çempionlar Liqasının III təsnifat mərhələsində büdrəyir. 2016-cı ildə İrlandiyanın “Dandalk” komandası, 2017-ci ildə isə Praqa “Slaviya”sı onların qarşısını kəsib. İndi bu seriyanı davam etdirmək növbəsi “Qarabağ”ın payına düşür.
Bu komandanın Finlandiyanın HYK komandası ilə oyunu da göstərdi ki, BATE hələ ideal formasından çox uzaqdadır. Belarusda Helsinki komandasına qol vura bilməyən BATE Finlandiyada ciddi təhlükə ilə üzləşdi.
Komanda 2:1 qalib gəlsə də, ilk qoluna görə rəqibin braziliyalı futbolçusuna öz qapısına yol tapdığı üçün minnətdar olmalıdır. Bundan sonra HYK-nın bir neçə dəfə təhlükəli anlar yaşatması belarusluların müdafiə və mərkəz yarımmüdafiəsi xətlərində problemlərin olduğunu göstərdi.
“Qarabağ” daha yaxşı formadadır
Düzdür, “Qarabağ” da əvvəlki “Qarabağ”ın formasından uzaqdır. Bu isə heyətdə olan dəyişikliklərlə bağlıdır. Lakin “Qarabağ”ın son oyununda tədricən əvvəlki formasına qayıdışı hiss olundu.
Nigeriyalı İnosent Emeqaranın hücumdakı fəallığı fonunda yeni komandasına üç penalti qazandırması, konqolu Dzon Delarjın ilk matçında qol vurması yeni irəli xətt oyunçularının komandanın gücünə güc qatacağı anlamı verir.
“Qarabağ”ın rəqibindən digər üstünlüyü ondadır ki, BATE-dən fərqli olaraq, iki mərhələ keçib. Bu isə Ağdam təmsilçisinin daha tez forma yığmasına səbəb olub.
Hazırda UEFA reytinqində BATE Avropanın 61-ci, “Qarabağ” isə 64-cü komandası olsa da, bu göstərici nisbidir. Əgər Qurban Qurbanov PSV kimi Hollandiya nəhəngini, “Xəzər Lənkəran” və “Neftçi”nin qisasını almaq üçün Zaqreb “Dinamo”sunu, əvvəllər Çempionlar Liqasında yolunu kəsmiş “Zalsburq” və “Seltik”i, o cümlədən sabiq futbolçuları – Rişard Almeyda və Pedro Enrikeli “Astana”nı Bakıya gətirmək istəyirsə, titullu rəqibini keçməlidir.
Haydı, “Qarabağ”, sevindir bizləri…
Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com