Ötən mövsümün sonunda İbrahim Şehiçlə yollarını ayıran “Qarabağ” qapıçı axtarışlarını davam etdirir.
ÇıxışYolu.Com xəbər verir ki, Ağdam təmsilçisi “Peskara”nın qapıçısı Vinçentso Fiorillodan sonra şotlandiyalı Con Maklaflinə “elçi düşüb”.
“Qarabağ”ın 30 yaşlı qolkiperlə danışıqlara başladığı bildirilir. Son klubu “Harts” olan Şotlandiya millisinin sabiq üzvünə Azərbaycan çempionu iki illik müqavilə təklif edib.
Mayın 31-də “Harts”la müqavilə müddəti bitmiş Maklaflinin hazırda azad agent statusu daşıması bu keçidin reallaşma ehtimalını artırır.
Qeyd edək ki, Con Maklaflin mart və may aylarında Şotlandiya millisinin yoldaşlıq oyunlarına çağırılıb.
Futbolçu iyunun 2-də mundial iştirakçısı Meksika ilə görüşdə millisində debüt edib. Həmin matçda ilk hissədə şotlandların qapısını qorumuş Maklaflin qapısından bir top buraxıb.