Bakı Ağır Cinayətlər Məhkəməsində 1975-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Aqil Abdullayevin cinayət işi üzrə məhkəmə baxışı başa çatıb.
ÇıxışYolu.Com-ın məlumatına görə, A.Abdullayev CM-nin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunub.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 7 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ittiham üzrə A.Abdullayev özünü qismən təqsirli bilib. O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edib. Təqsirləndirilən şəxs bildirib ki, zərərçəkmiş Süleyman Abdullayev onu dəfələrlə təhqir edib, telefonuna mesajlar yazıb:
“Bu barədə onun atasına məlumat vermişəm. Onu bıçaqla hansı şəraitdə vurmağım yadımda deyil. Həmin vaxt bıçağı əlimdən aldılar. O, mənim arvadım haqqında artıq-əskik danışırdı”.
Zərərçəkmiş Süleyman Abdullayev bildirib ki, mübahisə aralarındakı pul söhbətinə görə baş verib. O, təqsirləndirilən şəxsin həyat yoldaşı ilə aralarında heç nə olmadığını deyib.
DİN-in yaydığı məlumata əsasən, bu il aprelin 2-də Sumqayıt şəhəri ərazisindən naməlum şəxs koma halında Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Məlum olub ki, hadisə 21-ci məhəllə ərazisində baş verib, yaralanan şəxsin Süleyman Abdullayev (1998-ci il təv.) olması aydınlaşdırılıb.
Vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib. Cinayətin onun qohumu Aqil Abdullayev tərəfindən törədilməsi müəyyən edilib və o, saxlanılıb.