Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini İrina Qorlovanın (1968-ci il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı başlayıb.
ÇıxışYolu.Com-ın məlumatına görə, bu il fevralın 16-sı, səhər saat 09:00 radələrində daxil olan məlumat əsasında Binəqədi RPİ-nin əməkdaşları Azadlıq prospekti, 28 ünvanında məişət tullantıları qutusunda hissələrə bölünmüş naməlum meyit aşkar ediblər.
Hadisə yerinə və meyitə baxış zamanı müəyyən edilib ki, cəsəd qadın cinsiyyətinə aiddir və onun təxminən 50-60 yaşı olub.
Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri əməliyyat-istintaq tədbirləri ilə mərhumun, Bülbülə qəsəbə sakini, 58 yaşlı Lyubov Rəhimova olması və fevralın 12-də yaşadığı evdə tanışı, əvvəllər məhkum olunmuş İrina Qorlova tərəfindən küt alətlə qətlə yetirilib, balta ilə hissələrə bölündükdən sonra qeyd edilən məişət tullantıları qutusuna atılması müəyyən edilib.
Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə İ.Qorlova tutularaq, istintaqa təhvil verilib. Məhkəmə prosesində dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama münasibətini bildirən İ.Qorlova özünü qismən təqsirli bilib. Sərbəst ifadəsi zamanı o, Lyubov Rəhimovanı tamah məqsədilə qətlə yetirmədiyini qeyd edib. Aralarında şəxsi münasibətlər zəmnində mübahisə düşdüyündən balta ilə rəfiqəsinə bir neçə zərbə endirib, meyitin hissələrini iz itirmək üçün şəhərin digər rayonunda məişət tullantıları qutusuna tullayıb.
Növbəti proses avqustun 13-nə təyin edilib.