Azərbaycanlı Məhərrəmov Asimin Şəkidə doğulduğu və bir müddət Sızrani şəhərinə gələrək, burada işlədiyi ehtimal edilir. Hazırda könüllü şəxslər qocanın sənədlərini düzəltməyə çalışırlar, ancaq bunun üçün Asimi tanıyan şahidlər lazımdır.
ÇıxışYolu.Com xəbər verir ki, Məhərrəmov Asim Qasım oğlunun yaxınları Moskvadakı könüllü şəxs tərəfindən sosial şəbəkə üzərindən axtarılır.
O, qoca ilə Samara-Moskva qatarında 2018-ci ilin fevralında tanış olub. Məlum olub ki, 74 yaşlı Asimi Azərbaycanın Rusiyadakı səfirliyinə getməsi üçün bu qatara əyləşdiriblər. O, itirdiyi sənədləri bərpa etmək və vətənə qayıtmaq üçün Azərbaycan səfirliyinə müraciət etmək istəyib. Polis qocaya qatara bilet almağa yardım edib.
Könüllü şəxs Asimə kömək etmək qərarına gəlib. Onlar birlikdə səfirliyə gediblər, ancaq yaddaşındakı problem səbəbindən Asim özü haqqında kifayət qədər məlumat verə bilməyib. Ona görə də səfirlikdən hər hansı sənədin tapılmasını xahiş ediblər. Hazırda Asim Moskva vilayətindəki pullu pansionatda qalır.
Asim haqqında əldə olunan məlumatlar bunlardır: 1944-cü il aprelin 20-də anadan olub. Valideynləri Qasım və Əminə, qardaş və bacıları Rasim, Talıb, Sədaqət, Solamatdır. Həyat yoldaşının adı Soleyma, oğlu Elsevərdir ( Məlumatlara görə, Asim və keçmiş həyat yoldaşı Elsevəri oğulluğa götürüblər). Ola bilsin ki, valideynləri Şəkidə yaşayır. Oğlu Elsevər isə Mingəçevirdə qalır. Həyat yoldaşı və böyük qardaşı vəfat edib.
Asim 20 il əvvəl Rusiyaya köçüb.
Könüllülər Asimin sənədlərini bərpa etməyə kömək edə biləcək şəxsləri axtarırlar. Telefon: +7 963 759-13-33 (Whatsapp var).