“Səba” şirkəti istehlakçılara dondurulmuş toyuq məhsullarını alarkən diqqətli olmaları barədə xəbərdarlıq edib.
Şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatında bildirilir ki, satış təmsilçiləri bəzi marketlərdə dondurulmuş toyuq ətinin əmtəə görünüşünün korlandığını müəyyən ediblər.
“Marketlərdən əməkdaşlarımıza verilən məlumata görə, elektrik enerjisinin verilməsində yaranmış məhdudiyyətlər bəzi marketlərdə soyuducuların sıradan çıxmasına səbəb olub. Həmin müddətdə anbarlarda və soyuducularda olan dondurulmuş toyuq əti məhsulunun buzu açılıb, daha sonra soyuducular işə düşdükdə isə məhsullar yenidən donub.
Bu hal məhsulun xarab olmasına səbəb olmasa da, əmtəə görünüşünü korlayıb. Hal-hazırda satış təmsilçilərimiz bu məhsulları bütün marketlərdən geri yığırlar”, – məlumatda qeyd edilir.
Şirkət bu məhsulların satışa çıxarılmaması və piştaxtalara qoyulmaması barədə marketlərə xəbərdarlıq edib.
“İstehlakçılardan xahiş edirik ki, marketlərdə əmtəə görünüşü korlanmış dondurulmuş toyuq əti məhsuluna rast gəldikdə şirkətin satış departamentinə, +994512502300 nömrəli telefona zəng vursunlar”, – “Səba” şirkətindən bildiriblər.
“Qida təhlükəsizliyi zəncirinin bütün halqalarında sağlamlığı qoruyan bir şirkət kimi, bizdən asılı olmayan səbəbdən baş vermiş bu halın müştərilərimizə “Səba” məhsulları qıtlığı yaşatmasına imkan verməyəcəyik.
Yığılan məhsulların tez bir zamanda yeniləri ilə əvəzlənməsinə çalışacağıq. Şirkətə dəyən ziyana gəldikdə isə, heç bir maddi zərər bizim müştərilərimizin sağlamlığından əhəmiyyətli ola bilməz”, – “Səba”da bu fikirdədirlər.