Şəhriyar Məmmədyarov Azərbaycan şahmat məktəbini dünyada tanıdan, uğurları ilə dəfələrlə üçrəngli bayrağımızı səmalara ucaldan, ölkəmizə şərəf gətirən idmançıdır.
Şəhriyar Məmmədyarovun bu zirvəyə qalxması, təbii ki, dövlətimizin yaxından rolu və dəstəyi ilə baş tutub.
Bütün çempionatlarda Şəhriyar Məmmədovun maliyyə təminatını dövlətimiz həyata keçirir, ümumiyyətlə, hər bir idmançımızın beynəlxalq yarışlarda iştirakını dövlətimiz təmin edir, bundan sonra da təmin edəcək.
Bunu ÇıxışYolu.Com-a açıqlamasında millət vəkili Azər Badamov deyib.
Millət vəkili bildirib ki, Ş. Məmmədyarovun özü də bunları etiraf edir.
“Amma Şəhriyarın öz istəyi ilə iştirak etdiyi oyunları, təbii ki, özü təmin etməli və ya hər hansı bir biznes strukturu ona sponsorluq etməlidir. Bu, dünya praktikasında da belə qəbul olunub. İdmançılar öz sponsorlarının loqolarını, emblemlərini yarışlarda reklam etməklə, onların bizneslərinin inkişafına kömək göstərirlər.
Sadəcə, bizim biznes strukturları belə şeylərə uyğunlaşmayıb və Şəhriyar Məmmədyarovun istəyi ondan ibarətdir ki, yarışdığı, rəqibi olan idmançılara qarşı olduğu kimi, ona da bir biznes strukturu sponsorluq etsin və o da həmin strukturu dünyada reklam etsin.
Burada qeyri-adi bir şey görmürəm və hər bir məsələni sensasiyaya çevirərək, onun siyasiləşdirilməsini düzgün hərəkət hesab etmirəm. Hər bir məsələni dövlətin üzərinə qoymaq, onun çiyinlərinə yükləmək olmaz. Bu istəkləri düzgün saymıram”, – deyə A.Badamov əlavə edib.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com