Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ”ın düşərgəsində xoş sürpriz baş verib.
ÇıxışYolu.Com xəbər verir ki, komandadan ayrılan İbrahim Şehiç məşqə gələrək, futbolçu və məşqçi heyəti ilə görüşüb.
Bosniya və Herseqovina millisinin qapıçısı bu haqda öz fikirlərini bildirib:
“Qarabağ” mənim ailəmdir, çox möhtəşəm illər keçirmişəm. Klubdan ayrılanda bir çoxları ilə görüşə bilməmişdim. Ona görə gəlib onlarla görüşməyi özümə mənəvi borc bilirdim.
Hansı klubda çıxış etməyimdən asılı olmayaraq, hər zaman “Qarabağ”ı dəstəkləyəcəyəm, ürəyim bu komanda ilə döyünəcək”.
Qeyd edək ki, İbrahim Şehiçin karyerasını Türkiyənin “Çaykur Rizəspor” klubunda davam etdirəcəyi gözlənilir. Onun bu gün Rizədə hazırlıqlara başlayan yeni klubu Avstriyada yeddi məscidin bağlanmasına etiraz əlaməti olaraq bu ölkədə planlaşdırdıqları III mərhələ hazırlıqlarından imtina edib.