Bu gün Olimpiya Güləş Mərkəzində keçirilən açıq məşq zamanı sərbəst güləş yığmamızın üzvləri – Cəbrayıl Həsənovla Hacı Əliyev, o cümlədən türkiyəli Olimpiya, ikiqat dünya, beşqat Avropa çempionu, Avropa Oyunlarının qalibi Taha Akgül açıqlama verib.
ÇıxışYolu.Com həmin güləşçilərin fikirlərini təqdim edir:
Taha Akgül: “Bir neçə gündür ki, Azərbaycan yığması ilə birgə təlim-məşq toplanışı keçirik. Macarıstanda baş tutacaq dünya çempionatına hazırlaşırıq. İki dövlət, bir millətik. İnşallah, üçüncü dəfə dünya çempionu olsam, Türkiyə və Azərbaycan bayraqlarını qaldıracağam. Xatırlayırsınızsa, 2015-ci ildə Bakıda keçirilən ilk Avropa Oyunlarının qalibi olanda da, hər iki ölkənin bayrağını dalğalandırmışdım. Hər şeyimiz birdir. Cəbrayıl Həsənov, Hacı Əliyev kimi qardaşlarımız, yığmanızın baş məşqçisi Firdovsi Umudov bizi çox yaxşı qarşıladı. Bizimlə yaxından maraqlanırlar. Sanki öz ölkəmizdəyik. Yenidən millinizi Türkiyədə gözləyirik. Tokio-2020-yə birlikdə hazırlaşacağıq.
Mənim çəkimdə rəqibim olan Camal (Camaləddin Məhəmmədovu nəzərdə tutur – S.M.) çox texnikalı güləşçidir. Onunla dəfələrlə qarşılaşmışıq. Bu dünya çempionatında da əsas rəqiblərimdən biri olacaq. Allah kimə nəsib edərsə, o da çempion olsun. Kim daha çox tərləyir, əziyyət çəkirsə, o da uğur qazanır”.
Cəbrayıl Həsənov: “Sonuncu təlim-məşq toplanışımızı Türkiyə yığmasıyla birgə keçiririk. Hazırlıq prosesi yaxşı gedir. Əsas hədəfimiz dünya çempionatıdır. Qardaş ölkənin güləşçiləri ilə birgə toplanış faydalıdır. Hər iki komanda üçün bu hazırlıq xeyir verir. Yarışlara yüksək səviyyədə hazırlaşmışıq. Mundialda maksimum nəticəyə imza atmağa çalışacağıq. Türkiyə yığmasında mənim çəkimdə olan güləşçi ilə Avropa çempionatında qarşılaşmışdım. Ümumiyyətlə, bütün rəqiblərimi diqqətlə izləyirəm ki, dünya çempionatında qalib gəlim”.
Hacı Əliyev: “Gördüyünüz kimi, hazırlığımız davam edir. Bu il ərzində altı və ya yeddinci təlim-məşq toplanışımızı keçirik. Bir neçə gün sonra Belarusa yollanacağıq. Orada beynəlxalq turnirdə iştirak edəcəyik. Ancaq əsas hədəfimiz oktyabrın axırlarında keçiriləcək dünya çempionatıdır. Dördüncü dəfə dünya çempionu olmaq istəyirəm. Bu dəfə titul qazanmaq daha çətin olacaq. Çünki əvvəllər 61 kq-da iştirak edirdim. İndi isə 65 kq-da güləşirəm. Yeni, güclü rəqiblər var. Amma əlimdən gələni edəcəyəm ki, yenə dünyanın ən güclü güləşçisi olum.
Bütün rusiyalı güləşçilər güclüdür. Lakin heç bir rəqibdən çəkinmirəm. İstənilən güləşçiylə qarşılaşmağa hazıram. Qalib gəlmək üçün əlimdən gələni edəcəyəm. Türkiyə ilə birgə təlim-məşq toplanışında fəndlərimi gizlətməyə çalışmıram. Onsuz da rəqiblər yarışlardakı görüntülərimi izləyir. Nəyisə gizlətməyə ehtiyac yoxdur. Əksinə, məşqlərdə sevimli fəndlərimdən daha çox və daha sürətli istifadə etməyə çalışıram”.
Qeyd edək ki, Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatı oktyabrın 20-28-i tarixlərində olacaq. Kişi sərbəst güləşçilər 20-23 oktyabrda döşək üzərinə çıxacaq.
Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com