ÇıxışYolu.Com - Vəkillər peşə bayramını qeyd ediblər

ÇıxışYolu.Com – Vəkillər peşə bayramını qeyd ediblər

Baxış sayı: 3. 073 dəfə baxılıb.

ÇıxışYolu.Com - Vəkillər peşə bayramını qeyd ediblər

Məlum olduğu kimi, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin 19.07.2018-ci il tarixli qərarı ilə hər ilin 30 iyul günü “Azərbaycan Respublikası vəkillərinin peşə bayramı günü” kimi qeyd olunur.

ÇıxışYolu.Com xəbər verir ki, xalqımızın tarixi keçmişi ilə səsləşən bu ənənəyə sadiqliyin və duyarlı yanaşmanın nəticəsi kimi, 30 iyul 1919-cu il tarixi – Azərbaycan Xalq Cümhuriyyətində Andlı Müvəkkillər Şurasının təşkili və yaradılma günü Vəkillər Kollegiyasının Rəyasət Heyəti üzvlərinin məlum qərarı ilə “Azərbaycan Respublikası vəkillərinin peşə bayramı günü” olaraq müəyyən olunub və bu günün təsbit olunması Vəkillər Kollegiyası üzvləri tərəfindən sevinc hissi ilə qarşılanıb.

Bu əlamətdar günün ilk dəfə qeyd olunması ilə əlaqədar Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən Bilgəh qəsəbəsində yerləşən Pensiya Yaşına Çatmış Şəxslər üçün Sosial Xidmət Müəssisəsi ziyarət edilib, müəssisədə yaşayan ahıl şəxslərə Rəyasət Heyətinin üzvləri tərəfindən iki saatlıq müddət ərzində ödənişsiz hüquqi yardım göstərilib, onların müraciətləri qeydiyyata alınıb və müəssisə sakinlərinə hədiyyə sovqatları paylanılıb.

Tədbiri giriş sözü ilə açan Vəkillər Kollegiyasının sədri Anar Bağırov ölkəmizdə insanların hüquqi yardıma çatımlılığının daha da asanlaşdırılması istiqamətində görülən işlər, bu baxımdan Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 22.02.2018-ci il tarixli sərəncamının əhəmiyyəti barədə öz fikirlərini bölüşüb, ahıl şəxslərin ehtiyaclarına vəkillərin də duyarlı yanaşmasının zəruriliyini bildirib.

Həmçinin, ziyarət zamanı Vəkillərin özfəaliyyət ansamblının üzvləri tərəfindən müxtəlif çıxışlar olub.

Bundan başqa, Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə Vəkillərin peşə bayramı günü münasibətilə 30 iyul tarixində saat 09:00-18:00-da vəkil qurumlarına müraciət edən bütün şəxslərə ödənişsiz hüquqi yardım göstərilməkdədir. Bununla bağlı, hüquqi yardıma ehtiyacı olan şəxs ölkə ərazisində fəaliyyət göstərən vəkil qurumlarına müraciət edərək ödənişsiz hüquqi yardımdan faydalanıb.

www.ÇıxışYolu.Com