ÇıxışYolu.Com – “Xan Lənkəran” ümidini itirmir

Baxış sayı: 2. 818 dəfə baxılıb.

ÇıxışYolu.Com - “Xan Lənkəran” ümidini itirmir

Bu gün AFFA İcraiyyə Komitəsi I divizionla bağlı iclas keçirib. 

ÇıxışYolu.Com xəbər verir ki, iclasdan sonra AFFA-nın baş katibi Elxan Məmmədov növbəti mövsüm I divizionda səkkiz Premyer Liqa klubunun əvəzediciləri ilə yanaşı, 4-6 klubun yarışacağını bildirib.

O, qeyd edib ki, I divizionda yeni klub mübarizə aparmayacaq.

Bu açıqlama ilə I divizionda iştirak etməyi qarşısına hədəf qoymuş “Xan Lənkəran” klubunun planları pozula bilər. Belə ki, klub bunun üçün baş məşqçi Əfqan Talıbovu və “Xəzər Lənkəran”ın bir neçə sabiq oyunçusunu heyətinə qatıb və bəzi sponsorlarla əməkdaşlığa başlayıb.

Bəs görəsən, klubun İdarə Heyətinin sədri Rəsul Şükürsoy AFFA-nın bu qərarına necə yanaşır? Sabiq həmkarımız saytımıza açıqlamasında ümidlərini üzmədiklərini bildirib:

“Elxan müəllimin açıqlaması ilə tanışam. Orda bir informasiya boşluğu var. Məncə, baş katibin bizim PFL prezidenti Ramin Musayevlə görüşümüzdən xəbəri yoxdur. Çünki Ramin Musayevlə görüşümüzdə I divizionda çıxışımıza müsbət yanaşılıb. Həm də Elxan Məmmədov bizim klubun adını çəkməyib. Mən yekun nəticə kimi püşkatmanın keçirilmə tarixini gözləməyi məsləhət görürəm. Özümüz də sabahdan etibarən AFFA ilə bu yöndə danışıqlar aparmağa çalışacağıq”.

Rəsul Şükürsoy onu da bildirib ki, bu komanda Region Liqasında mübarizə aparmayacaq:

“Biz Moskvada sponsorla müqavilə bağlamışıq. Bəziləri ilə əməkdaşlığa çalışırıq. Təbii ki, bu kimi münasibət olarsa, sponsorlar buna razı olmayacaq. Elxan müəllim bildirib ki, yeni komandalar Region Liqada üç il oynadıqdan sonra divizionda çıxış edə bilər. Nəinki üç, heç bir ilə orda klub qalmaz. Çünki Region Liqa bir bataqlıqdır. Orda futbolçu, klub inkişaf etməz”.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com