ÇıxışYolu.Com - Yardımlıda meşə yanır

ÇıxışYolu.Com – Yardımlıda meşə yanır

Baxış sayı: 2. 334 dəfə baxılıb.

ÇıxışYolu.Com - Yardımlıda meşə yanır

Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin Yardımlı rayonu sahəsində baş verən yanğının söndürülməsinə cəlb olunan Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, yerli icra hakimiyyəti nümayəndələrinin və rayon sakinlərinin fədakarlığı nəticəsində bu gün yanğın lokallaşdırılıb.

Bu barədə ÇıxışYolu.Com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, bir neçə ərazidə tüstülənmə müşahidə olunur.

Lokallaşdırılan ərazilərdə olan yanğının və tüstülənmənin tam qarşısını almaq istiqamətində işlər davam etdirilir, çətin keçilən ərazilərə texnika da cəlb olunub.

Qeyd edək ki, 5 iyulda Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin əhatə etdiyi çətin keçilən dağlıq ərazidə yanğın hadisəsi baş verib. Havaların anomal isti və quru keçməsi, həmçinin küləkli olması yanğının tam söndürülməsində çətinlik yaradıb.

10:58

Yardımlı rayonunun Şıxlar kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidəki meşə zolağında başlamış yanğının söndürülməsi işləri bu gün də davam etdirilir.

FHN-dən ÇıxışYolu.Com-a verilən məlumata görə, yanğının söndürülməsinə Cəlilabad rayonunun Fətullaqışlaq kəndi istiqamətindən də başlanılıb.

Hava şəraitinin küləkli və relyefin çətin keçilən dağlıq ərazi olması yanğınsöndürmə işlərində bəzi çətinliklər yaradır.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 100 nəfər canlı qüvvəsi, 3 ədəd yanğınsöndürmə texnikası, Aviasiya dəstəsinin “BE 200 ÇS” amfibiya təyyarəsi, “Mi-17” yanğınsöndürmə helikopteri, ETSN-nin Meşə Təsərrüfatı İdarəsinin 180 nəfər əməkdaşı, 60 nəfər yerli əhali yanğınsöndürmə işlərinə cəlb olunub.

10:36

İyulun 5-də, gecə saatlarında Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin çətin keçilən dağlıq meşə fondu ərazisində başlamış yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən ÇıxışYolu.Com-a verilən məlumata görə, ETSN ilə bərabər Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvəsi, helikopter və aviasiyası yanğın söndürülmə işlərinə cəlb olunub.

“Havanın isti və küləkli olması yanğının tam söndürülməsində çətinliklər yaradır. Nisbi rütubətin 23 faiz, küləyin sürətinin 14 m/san və yüksək temperatur rejimi işlərin aparılmasına əngəllik yaratsa da, yanğın söndürülmə işləri davam etdirilir.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev 5 iyul tarixindən yanğın baş verən ərazidə nazirliyin yanğına qarşı səfərbər olunan qüvvələrinə rəhbərlik edir”, – deyə nazirliyin məlumatında bildirilib.

5 iyul, 12:18

Yardımlıda baş verən meşə yanğının söndürülməsinə helikopter və təyyarə cəlb edilib. 

ÇıxışYolu.Com-ın xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası və Aviasiya dəstəsinin “Mi-17” yanğınsöndürmə helikopteri və “BE 200 ÇS” amfibiya təyyarəsi söndürmə işlərinə cəlb olunub. 

5 iyul, 10:17

Yardımlı dağlarında yanğın başlayıb.

ÇıxışYolu.Com-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Yardımlı rayonunun Şıxlar kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə meşə zolağında yanğın başlayıb.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və texnikası, Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları və yerli əhali hadisə yerindədir.

Yanğınsöndürmə işləri davam etdirilir.

www.ÇıxışYolu.Com