Məlum olduğu kimi, Azərbaycan prezidenti İlham Əliyev iyunun 27-də Bakı şəhərinin Baş Planının hazırlanması işinin təşkili üçün nüfuzlu beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə ilə bağlı sərəncam imzalayıb.
Həmin sərəncama da əsasən 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ilkin olaraq 4,0 (dörd) milyon manat ayrılıb.
Qeyd edək ki, Bakının Yeni Baş Planının hazırlanması yönündə illərdir müzakirələr gedir və çeşidli təkliflər səsləndirilirdi.
Xüsusilə də, Yeni Baş Plan məsələsi ötən əsrin 90-cı illərinin sonlarında- məlum səbəblərlə bölgələrdən Bakıya kütləvi axının baş verdiyi zamanlarda gündəmə gətirilmişdi.
O, zaman hətta, Bakının əlavə “yüklənmədən” xilas edilməsi və kütləvi axının qarşısının alınması üçün paytaxtın Bakıdan ölkənin digər bölgələrindən birinə və ya Qazaxıstanda olduğu kimi, yeni paytaxt şəhərinin salınması ideyası da səsləndirilmişdi.
Bu məsələni təkidlə gündəmə gətirən mərhum millət vəkili Anar Məmmədxanov yeni paytaxt kimi də Gəncəni ünvan göstərmişdi və fikrini həm də Gəncənin Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) ilk paytaxtı olması ilə əlaqələndirmişdi.
Həmin vaxtlar bu ideyaya dəstək verən Bakı meriyasının keçmiş rəsmilərindən olan Reklamçılar İttifaqının sədri Hacıəmi Atakişiyev də hətta, sovetlər dövründə, 70-ci illərdə Bakının baş planı məsələsi ilə bağlı müzakirələr aparılarkən, paytaxtın Bakıdan Gəncəyə köçürülməsi ideyasının gündəliyə gətirildiyini xatırlatmışdı.
Onu da qeyd edək ki, 90-cı illərin sonları, 2000-ci illərin əvvəllərində bu məsələ dəfələrlə gündəmə gəlmiş, yeni baş planla bərabər, paytaxtın Bakıdan başqa yerə köçürülməsi ideyası özünün xeyli tərəfdarını toplamışdı.
Bununla belə, bu ideyanın əleyhinə çıxanlar da az olmamışdı, onlar daha çox Bakının Yeni Baş Planının hazırlanması məsələsi üzərində dayanılmasının vacibliyini dilə gətirmişdilər.
Yuxarıda da qeyd olunduğu kimi, dünən artıq bu yöndə yeni sərəncam verilib, vəsaitin ayrılması nəzərdə tutulub.
Bəs görəsən, Yeni Baş Planın hazırlanması və bunun gələcəkdə reallığa çevrilməsi paytaxtımıza nə kimi töhfə verə bilər?
Bununla bağlı ÇıxışYolu.Com-ın sorğusunu cavablandıran iqtisadçı millət vəkili, sabiq baş nazir əvəzi Əli Məsimli öncə deyib ki, Bakı – şəhərin qədim arxitektura nümunələri ilə 19-cu əsrin sonları və 20-ci əsrin əvvəllərində yaradılan, çox gözəl artitektura nümunələrinin effektiv kombinasiyası kimi çox gözəldir.
Onun sözlərinə görə, Bakının mərkəzi hissələrinin çox gözəl olması dünyanın hər yerindən gələn qonaqların da təsdiq etdikləri bir reallıqdır.
O, bildirib ki, xarici ölkələrdə olarkən Bakının bu kontekstdə olan gözəlliyi və mərkəzin təmizliyi haqqında eşitdiklərindən də daim qürur duyub.
“Amma çox təəssüf ki, bu dediklərim Bakının yalnız mərkəzi hissəsinə aiddir və paytaxt meyarları ilə yanaşanda, şəhərin qalan hissələri arzu olunan vəziyyətdən çox uzaqdır. İndiyədək Bakının dörd planı olub, onların gerçəkləşdirilməsində faydalı işlərlə yanaşı, həm də xeyli qüsurlara yol verilib. Son 30 ildə, xüsusən də, “neft bumu” ilə müşaiyət olunan “tikinti bumu” müsbət meylləri ilə yanaşı, bir sıra hallarda həm də xaotik xarakter daşıyıb.
Bu isə təkcə şəhərimizin gözəlliyinə yox, hətta, unikal arxitektura və mədəniyyət incimiz olan “İÇƏRİŞƏHƏR”ə belə mahiyyətinə uyğun gəlməyən binalar tikilməklə ziyan vurub. Xeyli faktlar var ki, Bakıda binalar tikilən zaman çox yerdə ağaclar kəsilib, bir sıra yerlərdə yaşılıqlar vəhşicəsinə məhv edilib.
Bina tikənlər hərəsi öz binasını əsas yoldan yarım metr-bir metr irəli çəkməklə çox yerdə piyada yollarına yer qoymayıblar. Çünki pul var-mədəniyyət yox!
Yeni tikilən binaların bir hissəsi milli arxitekturaya əməl edilməklə tikildiyindən, zövq oxşayır, qalanları isə çox zövqsüz və görkəmi Bakı üçün xarakterik olan arxitekturaya heç uyğun gəlmir. Çox istərdik ki, Bakının sayca beşinci Baş Planı reallaşan zaman kommersiya maraqları yeni baş planda həyata keçirilməsi çox vacib olan məsələləri arxa plana itələməsin.
Şəhərin mərkəzi və birinci dairəsində sökülən yerlərdə başqa binalar,restoranlar və digər obyektlər yox, əksər inkişaf etmiş ölkələrdə və normal inkişaf etməkdə olan ölkələrdə olduğu kimi, yaşıllıq zonaları, parklar, bağlar,bağçalar salınsın.
Qədim abidələr söküntüyə məruz qalmasın, olduğu kimi saxlanılsın və ya restovrasiya olunsun.
Bu baxımdan Bakının mərkəzi sayılan kiçik bir sahə ilə yanaşı Bakı-Mərkəz Planlaşdırma Zonasına aid edilən bütün sahələri (Səbail, Yasamal, Nəsimi, Nərimanov, Nizami, Xətai və Binəqədi rayonları, Əhmədli, Keşlə və M.Ə.Rəsulzadə qəsəbələri) paytaxt sözünün məna yükünə uyğun vəziyyətə gətirmək, abadlaşdırmaq, insanların yaşaması və işləməsi üçün əlverişli vəziyyətə gətirmək çox zəruridir.
Yeni Baş Plan sadaladıqlarımızdan çox genişdir.
Layihədə ilk dəfə Bakı şəhərinin bütün qəsəbələrinin və yaşayış məntəqələrinin baş planları hazırlanır.
Qarşıdakı 20 ildə onun nəzərdə tutulan kimi sistem şəkildə reallaşdırılması Bakını və onun ətrafını dünyanın ən gözəl məkanlarından birinə çevirə bilər”-deyə, Ə. Məsimli sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com