Sülhməramlıların regiondan çıxması, Azərbaycanın hədəflərə doğru uğurla
getməsi – ŞƏRH + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Rusiya sülhməramlılarının müvəqqəti olaraq ərazimizdə yerləşməsi 10 Noyabr
Bəyanatı ilə tənzimlənirdi. Onlar 2025-ci ilin noyabr ayına qədər orada qalmalı
idilər. Həmin müddətə altı ay qalmış məsələ baxılıb yenidən müzakirə edilməli
idi. İndi artıq bütün dünyanın gözü qarşısında qüdrətli Azərbaycan yenidən öz
gücünü göstərir. Sülhməramlılar vaxtından əvvəl regionu tərk edirlər”.
Bunu Cixisyolu.com-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
O əlavə edib ki, Azərbaycan xalqı Ali Baş Komandan Prezident İlham Əliyevin
qətiyyətinə, siyasi biliklərinə tam əmindir. Onun sözlərinə görə, Azərbaycan
vətəndaşları Prezidentin nəyi, nə zaman və necə etməli olduğunu gözəl bilirlər.
“Buna görə də xalq sülhməramlıların getməsi üçün zamanın yetişəcəyini bilirdi.
Bilirdi ki, milli maraqlarımız nəyi özündə ehtiva edirsə, zamanında hər hansı
bir iş Azərbaycanın xeyrinə həllini tapacaq. Artıq Rusiya sülhməramlıları
Azərbaycan ərazisini tərk edirlər. Bu, iki ölkə rəhbərinin müzakirəsinin
nəticəsi olaraq qərara alınıb. Təbii olaraq, bundan əvvəl də müvafiq orqanlar
qapalı və açıq görüşlərdə bunu müzakirə edirdilər”, – deyə V.İskəndərov əlavə
edib.
Parlamentari məsələ ilə bağlı tənqidi fikir səsləndirən müxalif düşərgənin də
mövqeyinə münasibət bildirib:
“Sülhməramlılar Azərbaycan ərazilərinə müvəqqəti gələndə Azərbaycanı istəməyən
qüvvələr, dövlətlər öz içimizdə olan beşinci kolonun üzvləri cürbəcür fikirlər
yayırdılar. Deyirdilər ki, onlar burada daimi qalacaqlar, digər yerlərdən
çıxsalar da, bu əraziləri tərk etməyəcəklər. Lakin bir daha İlham Əliyev
fenomeni, güclü dövlət siyasəti burada da özünü qabarıq göstərdi. Artıq
Azərbaycan ərazisində digər ölkənin əsgəri, hər hansı bir qoşun birləşməsi
yoxdur. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş müstəqil
dövlətdir. Belə bir dövlətin vətəndaşı olduğumuz üçün qürurlanırıq”.
Deputat qeyd edib ki, indiki situasiyada Ermənistana havadarlıq edən qüvvələr
narahat olmağa başlayıblar.
“5 apreldə Brüsseldə keçirilən görüşdən sonra artıq bir çox gizli qalan
məqamlar üzə çıxmaqdadır. ABŞ və Avropa İttifaqının Ermənistana hərbi dəstəyi
də artıq gizli deyil. ABŞ sürətlə Ermənistanı silahlandırmağa cəhd edir. Artıq
Pentaqon nümayəndələri Ermənistan Müdafiə Nazirliyində təlimlər keçirməyi
planlaşdırırlar. Ermənistanda yerləşən ABŞ səfirliyində Pentaqonun xüsusi
nümayəndəsi fəaliyyət göstərəcək. Bütün bunlar, təbii ki, bölgədə həssas olan
sülh danışıqlarına ciddi zərbədir”, – deyə deputat şərh edib.
Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev təhlükəsizliklə
əlaqədar qayğıları, Azərbaycanın narahat olduğu məqamları beynəlxalq
ictimaiyyətin diqqətinə çatdırır.
“Bəzi nəticələrə baxdıqda görürük ki, Ermənistanın silahlanması bölgədə
eskalasiyanın yaranmasına gətirib çıxara bilər. Bunun üçün çalışan dövlətlər
aşkar hərəkətə keçirlər. Təbii olaraq, rəsmi Bakı bildirib ki, silahlanma
yaradılması heç kimə xeyir gətirməyəcək və regionda sülh vacibdir”.
Milli Məclis üzvü deyib ki, Azərbaycan öz iqtisadi gücünü və siyasi çəkisini
artırır.
“Bölgədə azad etdiyi ərazilərdə böyük tikinti-quruculuq işləri görür,
ümumiyyətlə, öz inkişaf yoluna davam edir. Lakin hələ bunu gözü götürməyən
qüvvələr mövcuddur.
Onlar Ermənistana iqtisadi, hərbi yardım göstərərək onu Rusiya asılılığından
azad etməkdə və Azərbaycana qarşı silahlandırmaqda israrlı görünürlər. Amma
bunlar güclü, qüdrətli Azərbaycana heç bir təsir göstərməyəcək.
Biz necə ki 2020-ci ildə torpaqlarımızı işğaldan azad etdik, 2023-cü ildə
tamamilə suverenliyimizi bərpa etdik, yenə də qarşımıza çıxan maneələri dəf
edərək hədəflərə doğru uğurla gedəcəyik”, – deyə V.İskəndərov fikrini
yekunlaşdırıb.
Almaz Qasımova