Sülhü təşviq edən Forum – “Kaspi”nin TƏHLİLİ + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycan hökumətinin
təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm
Təşkilatı və ICESCO-nun tərəfdaşlığı ilə keçirilib. Tədbirdə 100-dən çox ölkəni
təmsil edən 700 mötəbər qonaq iştirak edib.
Azərbaycan dünyada sülh və dialoqun təşviqinə mühüm töhfə verən daha bir
Foruma ev sahibliyi edib. “Sülh və qlobal təhlükəsizlik naminə dialoq”
mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində
Prezidentİlham Əliyev də iştirak edib.
“Kaspi”
qəzetinin mövzu ilə bağlıq məqaləsini təqdim edirik:
Mədəni müxtəlifliyi gücləndirməliyik
Qeyd edək ki, hazırda dünyada müxtəlif etnik, milli, dini və siyasi
kataklizmlərin yaşandığı məqamda belə bir Forumun təşkili Bakının dünyaya sülh
və dialoq çağırışı kimi qiymətləndirilir. Müharibələr və münaqişələrin artdığı
bir zamanda Azərbaycan bu sahədə özünün əsrlərə dayanan münbit təcrübəsini
dünyaya təqdim edir. Prezident İlham Əliyevin Forumdakı çıxışında əsas
vurğulardan biri də məhz bu məqam idi. Dövlət başçısı bildirib ki, əsrlər boyu
Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub. Bizim coğrafi mövqeyimiz, Şərq
ilə Qərb arasında yerləşməyimiz, əslində, bu tendensiyaya imkan yaradıb:
“Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti
əsrlər boyu ən mühüm dəyərləri – tolerantlığı, qarşılıqlı hörməti, dostluq və
tərəfdaşlıq kimi dəyərləri qoruyub. Əminəm ki, bir müstəqil ölkə kimi
Azərbaycanın uğurlu inkişafını şərtləndirən məsələ məhz bunlardan ibarətdir.
Azərbaycanda yaşayan insanlar, müxtəlif etnik qrupların və dinlərin
təmsilçiləri bir ailə kimi yaşayırlar. Onlar Azərbaycanın dəyərli
vətəndaşlarıdır, dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanlarıdır.
Biz bu müsbət tendensiyaları, bu mədəni dialoqu, mədəni müxtəlifliyi
gücləndirməliyik və əlbəttə ki, bütün bunlar bir çox əsrlərdən gələn nemətdir”.
“Biz qəti şəkildə çoxtərəfliliyə sadiqik”
Bu gün dünyada mədəniyyətlərarası dialoqun təşviqində, sülh və sabitliyin
təminində əsas amillərdən biri də təbii ki, çoxtərəflilik prinsipidir.
Azərbaycan bu prinsipi çox uğurla tətbiq edir. Biz bunun Bakının Qoşulmama
Hərəkatına sədrliyi dövründə də əyani şahidi olduq. Prezident İlham Əliyevin də
vurğuladığı kimi, Azərbaycan öz təcrübəsini göstərib: “Biz qəti şəkildə
çoxtərəfliliyə sadiqik. Biz çoxtərəflilik dəyərlərini 120 ölkənin üzv olduğu
Qoşulmama Hərəkatında 2019-cu ildən bu ilin əvvəlinə qədər təşviq etmişik. O,
BMT-dən sonra ikinci ən böyük təşkilatdır və həmçinin bununla bağlı yekdil
qərarımız oldu, sədrliyimiz yekdil qərarla əlavə bir il də artırıldı. Təbii ki,
Qoşulmama Hərəkatının vacib təməl dəyərləri məhz suverenlik, ölkələrin ərazi
bütövlüyü, daxili işlərə qarışmamaqdır. Biz həmin Hərəkatın təsisatlanması
seqmentinin gücləndirilməsinə çalışdıq və bununla bağlı daxildə şəbəkə
yaratdıq, qadınların və gənclərin təşkilatlarını təsis etdik. Bütün bunlar məhz
Azərbaycan tərəfindən yaradılıb. Əminəm ki, Qoşulmama Hərəkatının
təsisatlanması istiqamətində inkişafı gələcəkdə də davam edəcək”.
Biz ədalət naminə danışırıq
Hazırda ölkəmiz dünyada neokolonializm meyllərinin qarşısının alınması, bu
siyasətin qurbanına çevrilən xalqların səsinin eşidilməsi istiqamətində də fəal
siyasət yürüdür. Prezident İlham Əliyev Forumdakı çıxışında bu məsələyə də
ətraflı toxunub. Onun sözlərinə görə, Qoşulmama Hərəkatının üzvlərinin əksər
hissəsinin çox ağır, qaranlıq müstəmləkə tarixçəsi olub və buna qarşı
mübarizənin aparılması o deməkdir ki, biz buna inanırıq: “Çünki biz ədalət
naminə danışırıq, çünki biz beynəlxalq hüquq naminə danışırıq. Yəni, biz belə
bir məsələyə imkan verə bilmərik ki, indi – XXI əsrdə bəzi Avropa ölkələri
digər xalqlara müstəmləkə kimi yanaşsın. Təbii ki, biz öz səsimizi ucaltdıqda,
Hərəkatda sədrliyimiz zamanı bu məsələni qaldırdıqda bu, onunla bağlı deyildi
ki, biz hansısa ölkələrə qarşı idik. Biz, sadəcə, ədalətə, beynəlxalq hüquqa
bağlı idik. Bu, yaddan çıxmalı deyil. Dünya məcburi assimilyasiyaya aparan belə
bir iyrənc neokolonializm təcrübəsinə göz yummamalıdır. Ondan çox fransız
dənizaşırı ərazisində həyata keçirilən məcburi assimilyasiya əsla
qəbuledilməzdir və buna son qoyulmalıdır. Bu səbəbdən Avropa təsisatları bəzən
çalışırlar Avropada olmayan ölkələrin daxili işlərinə müdaxilə etsinlər. Amma
Avropa Parlamenti və AŞPA bununla bağlı səsini çıxarmır. Çünki yeni müstəmləkə
tendensiyaları yenə də davam edir. Onda siz nəyə görə tənqid etmirsiniz? Nəyə
görə siz sanksiyalar tətbiq etmirsiniz? Nəyə görə susursunuz? Bəli, biz sədr
olaraq Hərəkat daxilində bu işi gördük”.
Özümüzün yaşıl gündəliyimiz var
Ölkəmiz bu il daha bir möhtəşəm tədbirə – COP29-a ev sahibliyi edəcək. Sülh və
sabitliyi, dialoqu şərtləndirən iqlim dəyişmələri kimi beynəlxalq səviyyəli
aktual bir problemin təfərrüatları, həlli yolları Bakıda müzakirə olunacaq.
Forumdakı çıxışında bu məsələyə də toxunan Prezident İlham Əliyev bildirib ki,
maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq: “Lakin bizə həmrəylik və
qarşılıqlı etimad lazımdır. Biz bir-birimizi günahlandırmalı deyilik ki, kim
planetə daha çox zərbə vurub. Yaxud da qlobal istiləşməyə görə kimin daha çox
məsuliyyət daşıması ilə bağlı mübahisə etməməliyik. Əgər biz bu davranışı davam
etdirsək, onda bunun sonu faciə olacaq”. Dövlət başçısı bildirib ki, bizim
yaşıl gündəliyimiz var və biz buna COP29-a ev sahibliyi etmək şərəfinə layiq
görüləndən xeyli əvvəl başlamışıq: “2027-ci ilə qədər bizdə 2 qiqavat Günəş və
külək enerjisi stansiyaları işə düşəcək və 2030-cu ilə qədər əlavə 5 qiqavat da
istismara veriləcək. Bunun sayəsində bərpaolunan enerjini elektrik enerjisi
istehsalında istifadə etmək üçün bizə imkan yaranacaqdır”.
Qeyd edək ki, Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin
Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı və ICESCO-nun tərəfdaşlığı
ilə keçirilib. Tədbirdə 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonaq
iştirak edib.