“Sumqayıt” klubunun Müşahidə Şurasının iclası keçirilib, sədr dəyişib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Sumqayıt” Futbol Klubunun Müşahidə Şurasının iclası keçirilib.
Bu barədə Klubunun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Azərkimya İstehsalat Birliyinin inzibati binasında gerçəkləşən
toplantını Müşahidə Şurasının (MŞ) sədri Abdulla Məmmədov açıb.
O, gündəlikdə duran məsələlərlə bağlı iclas iştirakçılarına məlumat verdikdən
sonra klub prezidenti Riad Rəfiyev “Sumqayıt” Futbol Klubunun ötən təqvim
ilindəki fəaliyyəti ilə bağlı hesabatı təqdim edib.
Klub prezidentinin təqdimatının ardınca Abdulla Məmmədov şəxsi işləri ilə
əlaqədar MŞ-da təmsil olunmaq istəməyən “Azərkimya” İB-nin Həmkarlar
İttifaqının sədri Aydın Xəlilov və keçmiş baş direktoru İmran Arzumanzadənin
əvəzinə Birliyin baş direktoru Elnur Məmmədli və SOCAR-ın Aparat rəhbərinin
müavini Ayxan Əliyevin Müşahidə Şurasına qəbul edilməsini təklif edib. Təklif
səsə qoyularaq yekdilliklə qəbul edilib.
Daha sonra Abdulla Məmmədov digər işləri ilə əlaqədar Müşahidə Şurasının sədri
vəzifəsindən istefa verdiyini, fəaliyyətinə sıravi üzv kimi davam etmək
istədiyini, sədr kimi isə Elnur Məmmədlinin namizədliyini təklif etdiyini
bildirib. Təklif səsə qoyularaq yekdilliklə qəbul edilib.
Müşahidə Şurasının yeni tərkibi və sədri müəyyənləşdikdən sonra klubun gələcək
planları, qarşıdakı hədəflər və görüləcək işlərlə bağlı fikir mübadiləsi
aparılıb.