04b1ebfa-2e18-45d4-9b0d-8bac19b60071..jpg

Sumqayıta aparan yol – 35 il öncə baş verənlər

Baxış sayı: 695 dəfə baxılıb.

Sumqayıta aparan yol – 35 il öncə baş verənlər

Ermənilər 35 il öncə Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Ermənistana
verilməsini tələb edərək Azərbaycana qarşı açıq şəkildə ərazi iddiaları irəli
sürüblər.

Bu proses mitinq və yürüşlərlə, azərbaycanlıların döyülməsi və öldürülməsi,
Ermənistandan, həmçinin Qarabağda ermənilərin sıx məskunlaşdığı yaşayış
məntəqələrindən (məsələn, Xankəndi şəhərindən, hansı ki, sovet dövründə adı
Stepanakert olub) qovulması ilə müşayiət olunub.

Ermənistandan qovulan azərbaycanlılar əsasən Bakı və Sumqayıt şəhərlərində
yerləşdiriliblər. Təxribat ustaları ilə dolu SSRİ Dövlət Təhlükəsizlik Komitəsi
öz ata-baba yurdlarından didərgin salınmış azərbaycanlıların emosional
vəziyyətindən istifadə edərək Sumqayıt şəhərində ermənilərin kütləvi
öldürülməsini təşkil ediblər.

Xüsusilə qeyd etmək lazımdır ki, təxribatçılardan ibarət dəstəyə Eduard
Qriqoryan adlı qatı cinayətkarın başçılıq etməsi isti izlərlə dərhal aşkar
olunub. Sonrakı baş verən hadisələr, həmçinin ermənilərlə azərbaycanlılar
arasında münaqişənin gərginləşdiyi dövr hər kəsə məlumdur.

Erməni təbliğatı isə özünəməxsus qaydada – həyasızcasına yalan danışmaq
xislətinə uyğun olaraq, Ermənistan-Azərbaycan münaqişəsinin məhz Sumqayıt
hadisələrindən başladığını iddia edib, bəziləri isə ermənilərin versiyasına
inanmağa üstünlük verib. İş o yerə çatıb ki, münaqişənin başlamasının səbəbləri
ilə bağlı erməni təbliğatının tezisini Rusiya Prezidenti Vladimir Putin də
sözbəsöz təkrarlayıb.

Təbliğat öz yerində, lakin hadisələrin bəzi iştirakçılarının, şahidlərinin
hələ də sağ olduğu, tarixi sənədlərin isə hələ erməni tarixçilərinin xoşladığı
kimi saxtakarlığa məruz qalmadığı bir vaxtda, xüsusən də söhbət ən yeni
tarixdən gedərkən faktlardan qaçıb gizlənmək mümkün deyil.

Beləliklə, Azərbaycan ərazisində mövcud olan separatçı qurum işğal dövründə
“Artsaxın gənc alim və mütəxəssisləri assosiasiyası” layihəsi adlı elektron
kitabxana yaradıb. Vesti.az elektron kitabxananı araşdıran zaman “DQMV-nin
xronikası: fevral 1988 – fevral 1990” adlı maraqlı sənədlə rastlaşıb. Həmin
broşür 1990-cı ildə Bakıda çap olunub. Broşürün naşiri kimi DQMV üzrə
Azərbaycan SSR Respublika Təşkilat Komitəsi göstərilib. Burada
Ermənistan-Azərbaycan münaqişəsinin başlanmasına dair sənədli faktlar toplanıb.

Vesti.az broşürdən bəzi çıxarışları dərc etmək qərarına gəlib. Bu nəşrdən 27
fevral 1988-ci il Sumqayıt hadisələrindən əvvəl baş vermiş hadisələr seçilib.

“DQMV-də hadisələr fevral ayında DQMV-nin Azərbaycan SSR-in tərkibindən
çıxarılması və bu vilayətin Ermənistana birləşdirilməsi tələblərinin irəli
sürülməsi ilə başladı. DQMV-də baş verən hadisələrdən əvvəl millətçilik yönündə
açıq-aşkar təxribatçı işlər görülürdü. DQMV-də hələ 1987-ci ilin yayında və
payızında vilayətin erməni əhalisini Azərbaycan xalqına qarşı qızışdırmaq
məqsədilə millətçi məzmunlu vərəqələr paylanılırdı”, – deyə sənədin giriş
hissəsində qeyd olunub.

Broşürdə, həmçinin millətçi yazıçı Zori Balayanın təxribatçı rolundan da bəhs
edilib:

“İdeoloji artilleriya hazırlığının əsas silahlarından biri publisist Zori
Balayanın erməni və rus dillərində Ermənistanda böyük tirajla çap olunmuş
şovinist, anti-Azərbaycan “Ocaq” kitabı idi. Zori Balayan öz kitabında bütün
Cənubi Qafqaza qarşı iddialar irəli sürərək yazır ki, qədim ermənilər
“dənizdən-dənizə” qədər olan ərazilərə sahib idilər.

Balayan tarixi hər cür saxtalaşdıraraq, Qarabağı Ermənistan vilayətlərindən
biri adlandırır. Bundan əlavə, Azərbaycan xalqına qarşı açıq ifadə olunan
düşmənçiliklə dolu əsərində Qarabağda yaşayan azərbaycanlıları “bir ovuc
kənardan gələn köçərilər” adlandırır.

Eyni zamanda, Zori Balayan Ermənistan SSR-in ərazilərinin kiçikliyindən
danışır”.

Broşürdə Balayanın “Ocaq” kitabından sitat gətirilib:

“Və düşündüm ki, aramızdakı məsafələr necə kiçikdir. Ərazimiz necə dardır və
biz sıxılırıq… Dünyanın heç bir yerində heç kim bizim kimi sıxıntı yaşamır…
Ərazisinə görə ən kiçik respublika bizim ölkəmizdir və üstəlik, hər tərəfdə
ancaq daşlar, qayalar var”.

Hadisələrin ardıcıllığı göstərir ki, 1987-ci ilin may ayından 1988-ci ilin
fevralına qədər olan dövrdə muxtar vilayətdə vəziyyət gərginləşib.

“DQMV-nin Ermənistan SSR-in tərkibinə daxil olması tələbi ilə bağlı sənədlərə
imzaların toplanması ilə bağlı Stepanakert şəhərində və ətraf rayonlarda
çoxsaylı fakt qeydə alınıb. Müəssisə, təşkilat və idarələrin kollektivlərindən
də eyni məsələ ilə bağlı aidiyyəti qurumlara müraciətlər yönəldilib. Vilayətdə
DQMV-nin yaranma tarixinin milliyyətçi mövqedən təsvir olunduğu, Azərbaycana
qarşı təhdidlərin, Ermənistana birləşmək uğrunda mübarizəyə çağırışların yer
aldığı öznəşr məhsulları geniş yayılmışdı”, – deyə sənəddə bildirilib.

Broşür müəllifləri qeyd ediblər ki, bütün bu aksiyalar “Qarabağ” komitəsinin
üzvləri olan, milliyyətçi düşüncəli İrəvandan olan ziyalılar və gənclərin
rəhbərliyi, həmçinin bilavasitə iştirakı ilə mütəşəkkil qaydada həyata
keçirilib. Nəşrin müəllifləri DQMV-də Qarabağ hərəkatının Ermənistandan olan
emissarlarının fəallaşmasını qeyd ediblər.

“Vilayətdə separatçı hərəkatın təşkilati əsasları yaradılıb ki, sonradan
“Krunk” komitəsi adı altında qanuniləşdirilib. DQMV-nin Azərbaycanın
tərkibindən çıxarılaraq Ermənistana verilməsi haqqında qərarın qəbul olunduğu,
DQMV Xalq Deputatları Sovetinin 21 fevral 1988-ci il tarixində keçirilmiş
sessiyası vilayətin partiya, sovet, təsərrüfat, həmkarlar ittifaqı, komsomol
orqanlarının, ictimai təşkilatlarının respublika orqanlarına açıq
itaətsizliyinin başlanğıcını qoydu. Konstitusiyaya zidd olan bu akta zamanında
həm respublika, həm də ittifaq səviyyəsində hüquqi-siyasi qiymət verilməyib”, –
deyə sənəddə bildirilib.

Sənədin davamı olaraq Ermənistan SSR-in Qafan şəhərində baş vermiş yanvar
hadisələri də qeydə alınıb.

“Ermənistan SSR-in Qafan şəhərindəki aksiya kütləvi iğtişaşlar formasını aldı
və 25 yanvar 1988-ci il tarixində ilk dəfə yüzlərlə azərbaycanlı öz doğma
yurdlarını tərk etməyə məcbur oldu. Artıq fevral ayı üçün həmin şəxslərin sayı
bir neçə minə çatmışdı. Böyük Vətən Müharibəsindən sonrakı dövrdə ilk dəfə
olaraq Sovet İttifaqının ərazisində məcburi köçkünlər peyda oldular”, – deyə
broşürdə vurğulanıb.

Sənədin müəllifləri qeyd ediblər ki, etnik zəmində ilk qətl 22 fevralda
Stepanakert-Ağdam yolunda baş verib və iki nəfər azərbaycanlı bu hadisənin
qurbanı olub.

“Sonradan Azərbaycanda Sumqayıt, Özbəkistanda Fərqanə, Qazaxıstanda Yeni Uzen,
Ermənistanın Quqark rayonunda (burada 100-dən çox azərbaycanlı öldürülüb)
zorakılıq hadisələri, ardınca isə Bakıda və Oşda (Qırğızıstan) faciələr baş
verdi”.

Qeyd olunub ki, 16 fevraldan 2 marta qədər Stepanakertdə və rayon
mərkəzlərində kütləvi toplantılar təşkil olunub və DQMV-nin Ermənistana
birləşdirilməsi tələbləri irəli sürülüb.

Növbəti bir neçə gün ərzində 3000-dən çox azərbaycanlı Stepanakertdən və
vilayətin rayonlarından köçərək respublika əhalisinin əksəriyyəti azərbaycanlı
olan rayonlarına gedib.

Sonra baş verənlər hamıya məlumdur – münaqişənin qaynar fazaya keçməsi,
Qarabağın Azərbaycan kəndlərindəki faciələr, Xocalı soyqırımı, Qarabağın və ona
bitişik yeddi rayonun bütünlüklə işğalı, etnik təmizləmə, 30 illik danışıqlar
və nəhayət ki, 2020-ci ilin sentyabr-noyabr ayları – İkinci Qarabağ müharibəsi,
Azərbaycan ərazilərinin erməni işğalçılarından azad edilməsi.

Faktlar çox inadkardır və onlardan kənar səsləndirilən fikirlər yalançı
təbliğatdır. Bir daha təkrarlamaq və qeyd etmək lazımdır ki, yalnız yuxarıda
dərc olunmuş məlumatlar bir daha onu nümayiş etdirir ki, ermənilərlə
azərbaycanlılar arasında münaqişə Sumqayıt hadisələrindən başlamayıb, əksinə
Sumqayıt hadisələrinin özü Ermənistanın Azərbaycana ərazi iddiaları irəli
sürməsi ilə başlayan prosesin faciəvi davamına çevrilib.

Source link