Dünən saat 19 radələrində Bakı-Quba yolunun 29 km-də fəaliyyət göstərən avtotəmir sexində “DAF” markalı 99 JD 282 dövlət qeydiyyat nişanlı yük avtomobilinin yanacaq çənində qaynaq işləri aparılarkən yanacaq çəni partlayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən ÇıxışYolu.Com-a verilən məlumata görə, hadisə nəticəsində avtotəmir sexində usta işləyən Məlikov Müsü Bəhmən oğlu, Məlikov Rövşən Ramiz oğlu və Quliyev Akif Eldar oğlu, eləcə də “DAF” markalı avtomobilin sahibi Rüstəmov Fərhad Əhməd oğlu yanıq xəsarətləri ilə 5 saylı şəhər klinik xəstəxanasının yanıq şöbəsinə yerləşdiriliblər.
Zəruri tibbi yardım göstərilməsinə baxmayaraq həmin şəxslər xəstəxanada vəfat ediblər.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.3-cü (əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar, o cümlədən hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-texniki-təhlükəsizlik ekspertizası təyin edilib, fotoşəkillər çəkilib və hadisəni əks etdirən videogörüntülər götürülüb.
Hazırda iş üzrə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri və təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.