Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində idmançının ölümünə səbəb olan Əhəd İsmayılov və onun oğlu Ramil İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
ÇıxışYolu.Com-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Fərid Mehmanov ifadə verib.
O deyib ki, hadisə günü təqsirləndirilən Ramin ona məxsus evdə olub və mərhumla aralarında mübahisə yaranıb:
“Tərəfləri ayırdıq. Sonradan məlum oldu ki, mübahisə telefona görə olub”.
Sonra hakim digər şahidlərin məhkəməyə gəlmədiyini deyib. Buna görə də onlar barəsində məcburi gətirilmə qərarı çıxarılıb.
Proses yanvarın 8-də davam etdiriləcək.
Qeyd edək ki,ötən il Sumqayıt şəhərin 21-ci məhəlləsində bir qrup gənc arasında kütləvi dava olub.
Dava zamanı Sumqayıt şəhər sakini olan iki nəfər – 1992-ci il təvəllüdlü Həbibov Rasif Asif oğlu və 1988-ci il təvəllüdlü Dadaşov Samir Tahir oğlu bıçaqlanıblar. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.
Lakin bir neçə gün sonra R.Həbibov xəstəxanada dünyasını dəyişib.
Hüquq-mühafizə orqanların əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən ata və oğul – Ramil və Əhəd İsmayılovlar saxlanılıb.
Məlumatda qeyd edilib ki, hadisədə iştirak edən şəxslər qonşu olublar. Hadisə söyüş üstündə olub.
Faktla bağlı Sumqayıt Prokurorluğundan Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.
Onu da qeyd edək ki, R.Həbibov idmançı olub.
Etibar Məmmədov