Mühafizə polisi əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində oğurluğa cəhd edən şəxs cinayət başında yaxalanıb.
ÇıxışYolu.Com bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.
Aprelin 18-də, saat 16:00 radələrində Sumqayıt şəhəri Yaşma bağlar sahəsindəki bağların birindən iki ədəd dəmir borunu oğurlamağa cəhd göstərən şəxs Baş Mühafizə İdarəsinin Həyat Əhəmiyyətli Obyektlərin Mühafizəsi üzrə polis alayının əməkdaşları tərəfindən cinayət başında yaxalanaraq Sumqayıt ŞPİ-nin 2-ci polis bölməsinə təhvil verilib.
Polis bölməsinə aparılan araşdırmalarla onun Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Gülmirzə Şəfiyev olduğu, həmçinin digər oğurluqlar törətdiyi də aydınlaşıb. Belə ki, onun cari ilin mart ayı ərzində daha 4 evin həyətlərindən elektrik naqili, inşaat materialları, təmir-tikinti alətləri və metal qırıntıları oğurlaması müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.