Sumqayıtda silsilə soyğunçuluq cinayətləri edən şəxs ifşa edilib.
ÇıxışYolu.Com-ın məlumatına, sentyabrın 15-də idarəyə müraciət edən Sumqayıt şəhər sakini olan bir qadın 5-ci mikrorayon ərazisində ağaclıq sahədə naməlum şəxsin ona hücum etdiyini və qızıl boyunbağını qopararaq, hadisə yerindən qaçdığını bildirib.
Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Corat qəsəbə sakini Məmməd Vəliyev saxlanılıb.
M.Vəliyevin ətrafında aparılan əlavə istintaq-əməliyyat tədbirləri ilə onun başqa cinayətlərinin də üstü açılıb. Belə ki, onun müxtəlif vaxtlarda şəhər ərazisində daha iki qadına qarşı soyğunçuluq edərək zərərçəkənlərin qızıl-zinət əşyaları və əl çantalarını ələ keçirdiyi məlum olub. İstintaq zamanı onun qadınlara ümumilikdə 2000 manata yaxın maddi ziyan vurduğu sübuta yetirilib.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
Polis əməkdaşları soyğunçuluq etməkdə şübhəli bilinən M.Vəliyevin başqa cinayətlərdə iştirak etdiyini də istisna etmirlər.
Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Sumqayıt ŞPİ-nə müraciət edə bilərlər.