Sumqayıtda silahlı insident zamanı xəsarət alanların son durumu açıqlandı –
YENİLƏNİB + FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Sumqayıtda evə silahlı hücum nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan Sumqayıt
Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsindənCixisyolu.com-a bildirilib ki,
Sumqayıt şəhərinin 16-cı mikrorayonunda baş verən hadisə ilə əlaqədar saat
06:05 radələrində dörd nəfər müxtəlif növ bədən xəsarətləri ilə Sumqayıt Tibb
Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib:
“Onlardan Türkiyə vətəndaşı olan 1985-ci il təvəllüdlü Sərkan Karakaş
əməliyyat olunub, vəziyyəti ağır olaraq qiymətləndirilir. 1960-cı il təvəllüdlü
Tərlan Fərəcova, 1958-ci il təvəllüdlü Mehman Sarıyev Reanimasiya şöbəsinə
yerləşdiriliblər və əməliyyat olunublar. Vəziyyətləri kafi qiymətləndirilir.
1990-cı il təvəllüdlü Etibar Sarıyev isə Travmatologiya şöbəsində müalicə alır.
Vəziyyəti qənaətbəxşdir”.
10:07
Oktyabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları
yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan
açılan atəş nəticəsində iki nəfərin ölməsi və dörd nəfərin xəsarət alması
barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Bu barədə Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, prokurorluq və polis əməkdaşları tərəfindən kriminalist və
ekspertlərin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, digər
zəruri hərəkətlər aparılıb və iş üzrə əhəmiyyət kəsb edən sübutlar götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələrilə cinayət işi açılıb.
Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən
edilməsi istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri davam
etdirilir. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
09:57
Sumqayıtda evə silahlı hücumla bağlı bəzi məqamlar bilinib.
Cixisyolu.com-ın məlumatına görə, hadisə qohumlar arasında baş verib.
Silahlı hücumu törədən şəxs 16-cı mikrorayonda yerləşən “Corat bağları”
adlanan yaşayış massivində fərdi yaşayış evinə gəlib. Bu zaman əlindəki ov
tüfəngi ilə 1985-ci il təvəllüdlü Karakaş Suzannanı və 1950-ci il təvəllüdlü
Dağbəyi Fərəcovu öldürüb.
Daha sonra isə Serkan Karakaşı və D.Fərəcovun həyat yoldaşı Tərlan Fərəcovanı
da vurub.
Silah səsinə qonşular hadisə yerinə gəliblər. Bu zaman 1958-ci il təvəllüdlü
Mehman Mahmud oğlu Sarıyev, 1990-cı il təvəllüdlü Etibar Mahmud oğlu Sarıyev də
xəsarət alıblar.
E.Sarıyev polisdir. Dağbəyi Fərəcovun kafe işlətdiyi bildirilir.
09:32
Sumqayıtda evə silahlı hücum zamanı yaralanan şəxslərin sayı məlum olub.
“Report”un yerli bürosunun məlumatına görə, xəstəxanaya hadisədən zərər çəkən
4 nəfər yerləşdirilib.
Bunlar 1958-ci il təvəllüdlü Mehman Mahmud oğlu Sarıyev, 1990-cı il təvəllüdlü
Etibar Mahmud oğlu Sarıyev, 1960-cı il təvəllüdlü Tərlan Qulu qızı Fərəcova və
Türkiyə vətəndaşı Sərkan Karakaşdır.
Onlara lazımi tibbi yardım göstərilir, vəziyyətləri ağıq olaraq qalır.
09:01
Sumqayıtdakı silahlı basqının daha bir neçə təfərrüatı məlum olub.
APA xəbər verir ki, hücumda 1985-ci il təvəllüdlü Karakaş Suzanna və 1950-ci
il təvəllüdlü Fərəcov Dağbəyi ölüblər.
İlkin məlumata görə, yaralılar Fərəcov Tərlan və Karakaş Serkan
reanimasiyadadır. Serkanın vəziyyəti ağırdır.
06:51
Sumqayıtda evə silahlı hücum olub, ölən və yaralananlar var.
“Report”un məlumatına görə, hadisə 16-cı mikrorayonda yerləşən Corat bağları
yaşayış massivində, fərdi yaşayış evində baş verib.
Belə ki, evə silahlı hücum zamanı ailənin iki üzvü öldürülüb, yaralılar var.
Hazırda yaralıların sayı dəqiqləşdirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım
briqadası cəlb olunub.
Hazırda zəruri istintaq tədbirləri davam etdirilir.
İlhamə Əbülfət