Sumqayıtda yeddi yaşlı uşağı öldürən məşqçiyə 19 il həbs cəzası verildi –
FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Sumqayıt şəhərində məşq zamanı 7 yaşlı uşağı öldürməkdə təqsirləndirilən
idmançı Mehman Xəlilova hökm oxunub.
“Report”un yerli bürosu xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin
hakimi Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə əvvəlcə müttəhim son
söz deyib.
Daha sonra hakimlər müşavirəyə gedib və qayıdaraq hökmü elan ediblər. Hökmə
əsasən, M.Xəlilov 19 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, prokuror təqsirləndirilən şəxsin 20 il müddətinə azadlıqdan
məhrum edilməsini istəmişdi.
İttihama görə, ötən il aprelin 29-da 2016-cı il təvəllüdlü Fərid Bakarovun
Sumqayıt Şəhər Uşaq Xəstəxanasında ölməsi barədə şəhər prokurorluğuna məlumat
daxil olub. İlkin araşdırma zamanı 1994-cü il təvəllüdlü Mehman Xəlilovun
Sumqayıt şəhəri ərazində yerləşən məktəblərdən birində sambo idman növü üzrə
keçirilən məşq zamanı Fərid Bakarova xəsarətlər yetirməsi nəticəsində
sonuncunun həmin xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü
(qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə
səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Mehman Xəlilov iş üzrə şübhəli
şəxs qismində tutulub.
Xatırladaq ki, Sumqayıt Şəhər Məhkəməsində Mehman Xəlilov barəsindəki 4 aylıq
həbs qətimkan tədbiri seçilib. Təqdimata baxılarkən Mehman Xəlilov özünü
təqsirli bilmədiyini, uşağın ölümündə günahkar olmadığını deyib.
Mehman Xəlilov ilkin olaraq Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi
amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirli
bilinib. Daha sonra ona Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün
aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və
ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.