Sumqayıtda yeddi yaşlı uşağı öldürməkdə təqsirləndirilən məşqçi yenidən hakim
qarşısına çıxacaq – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Sumqayıt şəhərində məşq zamanı yeddi yaşlı uşağı öldürməkdə təqsirləndirilən
idmançı Mehman Xəlilovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Sumqayıt Apellyasiya
Məhkəməsinin hakimi Məhəmmədəli Rzayevin sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin növbəti iclası aprelin 25-nə təyin edilib.
Xatırladaq ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehman Xəlilov
19 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, ötən il aprelin 29-da 2016-cı il təvəllüdlü Fərid Bakarovun
Sumqayıt Şəhər Uşaq Xəstəxanasında ölməsi barədə şəhər prokurorluğuna məlumat
daxil olub. İlkin araşdırma zamanı 1994-cü il təvəllüdlü Mehman Xəlilovun
Sumqayıt şəhəri ərazində yerləşən məktəblərdən birində sambo idman növü üzrə
keçirilən məşq zamanı Fərid Bakarova xəsarətlər yetirməsi nəticəsində
sonuncunun həmin xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü
(qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə
səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Mehman Xəlilov iş üzrə şübhəli
şəxs qismində tutulub.
Sumqayıt Şəhər Məhkəməsində Mehman Xəlilov barəsində dörd aylıq həbs qətimkan
tədbiri seçilib. Təqdimata baxılarkən Mehman Xəlilov özünü təqsirli
bilmədiyini, uşağın ölümündə günahkar olmadığını deyib.
Mehman Xəlilov ilkin olaraq Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi
amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirli
bilinib. Daha sonra ona Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün
aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və
ya girov götürülməsi ilə bağlı adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb.