64ad7150-ce00-465f-adac-3a7c9e07a75c..jpg

“Sumqayıt”ın futbolçusu: “Qarşıdakı oyunda qələbə həsrətinə son qoyacağıq”

Baxış sayı: 405 dəfə baxılıb.

“Sumqayıt”ın futbolçusu: “Qarşıdakı oyunda qələbə həsrətinə son qoyacağıq”

“Bütün qarşılaşmalarda meydana qalib gəlmək üçün çıxırıq. Əfsuslar olsun ki,
beş oyundur qələbəyə həsrətik. İnanıram ki, “Kəpəz”lə qarşıdakı matçda bu
həsrətə son qoyacağıq”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Sumqayıt”ın futbolçusu Rövlan Muradov
komandasının cari mövsümdəki nəticələrini şərh edərkən deyib.

25 yaşlı yarımmüdafiəçi bildirib ki, builki çempionat digərlərindən daha
fərqlidir:

“Çünki hər bir komanda əvvəlki mövsümlərlə müqayisədə daha iddialıdır və hər
oyunda maksimum xallar qazanmağa səy göstərir. Biz də bunun üçün çalışırıq”.

O, meydanda yaxşı nəticə üçün əlindən gələni etdiyini vurğulayıb:

“Məşqçilərin verdiyi tapşırıqları yerinə yetirib komandama xeyir vermək üçün
cəhd edirəm. Çıxışımdan yüz faiz razı olduğumu deyə bilmərəm. Üzərimdə daha çox
işləyib səhvlərimi minimuma endirmək və oyunumu yaxşılaşdırmaq üçün məşqlərdə
ciddi hazırlaşıram. Hamıya məlum olduğu kimi, keçən mövsüm “Sumqayıt” Premyer
Liqada çətinliklə qaldı. Ümid edirəm ki, bu il belə hal baş verməz. Sadəcə, bir
qələbə qazanmaq lazımdır ki, inam hissi komandaya yenidən qayıtsın”.

Premyer Liqanın VIII turunda “Qarabağ”a 0:5 hesabı ilə uduzduqları oyundan da
danışan R.Muradov bildirib ki, həmin qarşılaşma ilə bağlı deyiləcək çox söz
yoxdur:

“Məğlub olduq, ancaq bu oyunu unudub “Kəpəz”lə qarşıdakı görüşə
hazırlaşacağıq. Məqsədimiz azarkeşlərimizi daha yaxşı oyun və qələbə ilə
sevindirməkdir”.

Source link